Otuz ildir ki, Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatlarını dostluq və tərəfdaşlıq münasibətləri birləşdirir. Biz ilk gündən ölkəmizin müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə ABŞ-ın dəstəyini yüksək qiymətləndiririk.
Bu sözlər Azərbaycan Prezidenti İlham Əliyevin 4 İyul – Müstəqillik Günü münasibətilə ABŞ Prezidenti Cozef Baydenə ünvanladığı təbrik məktubunda yer alıb.
Məktubda vurğulanır ki, ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlıq uğurla davam edir. Beynəlxalq təhlükəsizliyin təmin olunmasında uzun müddətdən bəri davam edən birgə fəaliyyətimiz məmnunluq doğurur. Enerji təhlükəsizliyi məsələlərində ölkələrimizin sıx əməkdaşlığı, həyata keçirdiyimiz irimiqyaslı transmilli layihələrdə ABŞ-ın yaxından iştirakı və hərtərəfli dəstəyi müvəffəqiyyətimizin əsas amillərindəndir.
“Bu gün Azərbaycan ilə ABŞ arasında bir sıra mühüm sahələrdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş əməkdaşlığımız siyasi əlaqələrimizin də genişlənməsinə şərait yaratmışdır”, – deyə Azərbaycan Prezidentinin məktubunda bildirilir.
Məktubda Cənubi Qafqazda davamlı sülhün, iqtisadi tərəqqinin bərqərar olması üçün əlverişli şəraitin formalaşdığı bir zamanda ABŞ-ın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasında, kommunikasiyaların açılmasında, insanlararası təmasların yaradılmasında mühüm rol oynaya biləcəyinə inam ifadə olunur. Həmçinin qeyd olunur ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Ermənistan tərəfindən basdırılmış minalar aparılan bərpa və yenidənqurma işlərinə ən böyük əngəl olaraq qalmaqdadır: “Biz minatəmizləmə işində ABŞ-ın ölkəmizə göstərdiyi yardımı təqdir edirik”.