Üstəlik, koronavirusun yeni dalğası da baş qaldırır
Avropa ölkələrinə səyahət edən əcnəbi turistlərin sayı hələ də koronavirus pandemiyasından əvvəlki göstəricilərdən aşağıdır.
Avropa İttifaqı (Aİ) Turizm Agentlikləri Assosiasiyasının apardığı araşdırmanın nəticələri belə deməyə əsas verir. Gözlənildiyinə görə, Aİ ölkələrində 2022-ci ilin göstəriciləri pandemiyadan əvvəl qeydə alınmış rəqəmlərin yarısına bərabər olacaq. Bu halda Asiya və Rusiyadan olan turistlərin azlığı daha çox hiss ediləcək.
Ekspertlər qeyd edirlər ki, pandemiyanın doğurduğu məcbur aradan sonra turist səfərlərinə çıxanlar əvvəlcə istirahətlərini dəniz sahilində keçirmək və yalnız bundan sonra (vaxt və əlavə imkan olarsa) çoxsaylı muzeylərə malik olan ölkələrə ekskursiyaya yola düşmək istəyirlər. Bu isə daha çox ekskursiya səyahətlərindən qazanan ölkələr üçün elə də əlverişli deyil.
COVID-19 fasiləsindən sonra Avropada daha çox “qonşuluq turizmi”ndə – həmsərhəd ölkələr arasında turist axınında artım var. Məsələn, Xorvatiya və Slovakiyadan Macarıstana, Slovakiya və Almaniyadan Çexiyaya, Fransa və Danimarkadan Belçikaya tez-tez turistlər gəlir.
Bu arada Avropanın ayrı-ayrı ölkələrində (xüsusilə ən böyük turistik ölkələr olan İtaliya və Fransada) koronavirus epidemiyasının yeni dalğasının baş qaldırması səyahət sektorunu daha da əndişələndirir.
Ümumiyyətlə, yay mövsümündə turistik səfərlərin artması bir çox yerlərdə koronavirusa yoluxma sayının artması ilə müşayiət olunur.
Qonşu Gürcüstanda koronavirusa yoluxma halları yenidən artır. Yerli mütəxəssislər payızda yoluxma hallarının artımının pik həddə çatacağını bildirirlər.
Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının direktoru, professor Tenqiz Çerçvadzenin sözlərinə görə, əvvəllər gündə orta hesabla 100 yeni yoluxma halı qeydə alınırdısa, indi bu rəqəm 700-ə çatıb. Yoluxanların əksəriyyəti xaricə səyahət edən insanlardır.
Yeri gəlmişkən, pandemiyanın statistikasını aparan “Worldometer” saytının 6 iyul tarixinə olan məlumatına görə, dünyada koronavirusa yoluxanların ümumi sayı 556 milyonu keçib. İnfeksiya ilə bağlı ölənlərin sayı 6,3 milyondan çoxdur. Rəsmi statistikada birinci yerdə əvvəlkitək ABŞ-dır. Bu ölkədə yoluxma sayı 90 milyona çatıb, 1 milyondan çox insan həyatını itirib.