Milli Xalça Muzeyinə hədiyyə olunan “Ləmpə” xalçasının təqdimatı keçirildi

 

Xəbər verildiyi kimi, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Prezidentin fərdi təqaüdçüsü, ölkəmizin ilk ombudsmanı olmuş professor Elmira Süleymanova “Ləmpə” xalçasını Milli Xalça Muzeyinin Şuşa filialına hədiyyə edib.

İyulun 6-da Milli Xalça Muzeyində xalçanın təqdimatına həsr olunan tədbir keçirildi. Mərasimdə dövlət rəsmiləri, mədəniyyət xadimləri və digər qonaqlar iştirak edirdi.

Giriş sözü ilə çıxış edən Milli Xalça Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova bildirdi ki, “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” çərçivəsində son illərdə muzeyə müxtəlif təşkilatlar, o cümlədən Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi, azərbaycanlı və xarici xeyriyyəçilər, kolleksiyaçılar tərəfindən tarixi və bədii əhəmiyyətli xalçalar hədiyyə edilib. Hazırda təqdim edilən “Ləmpə” xalçası da dəyərli hədiyyə kimi Şuşa filialının kolleksiyasını zənginləşdirən daha bir sənət əsəridir.

Şirin Məlikova dedi ki, bu sənət nümunəsi 1930-cu illərdə Şuşada toxunub. Belə xalçaların ilk nümunələri XIX əsrin əvvəllərindən Şuşa şəhərində toxunmağa başlanılıb. “Şuşa” adı ilə də tanınan bu cür xalçalar imarət və sarayların bəzədilməsində istifadə olunurdu. “Ləmpə” xalçası sonralar Qarabağda dəst xalı-gəbə kimi geniş yayılıb. Bu xalça dəstləri iki yan (kənarə) və bir orta xalıdan ibarətdir. Təqdim olunan xalça isə dəst xalı-gəbənin kənarəsidir.

Qeyd olundu ki, “Ləmpə” xalçasını bəzəyən stilizə olunmuş gül-çiçək, xarıbülbül, yarpaq naxışları Qarabağın təbiətinə xas olan ecazkar gözəlliklərlə yanaşı, burada yaşayan insanların estetik zövqünü də ifadə edir. Dünya muzeylərində və müxtəlif kolleksiyalarda qorunan bu cür unikal xalçalar indiyədək öz şöhrətini qoruyub saxlayır.

Tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva bildirdi ki, Qarabağ, Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşanın Azərbaycan xalqı üçün tarixi əhəmiyyəti, yüksək mədəni-mənəvi dəyəri nəzərə alınaraq 2022-ci il ölkəmizdə “Şuşa İli” elan edilib. Bu il 35 illik yubileyini qeyd edən Azərbaycan Milli Xalça Muzeyi Şuşa filialının məhz “Şuşa İli”ndə yenidən öz doğma şəhərinə qayıtması və onun üçün ayrılmış gözəl məkanda fəaliyyətə başlaması tarixi hadisə olacaq. Əlamətdar haldır ki, yubiley ilində hörmətli Elmira Süleymanova tərəfindən Qarabağ xalçaçılıq məktəbinin gözəl nümunəsi olan Şuşanın “Ləmpə” xalçası Milli Xalça Muzeyinin Şuşa filialına hədiyyə edilir.

Sevda Məmmədəliyeva vurğuladı ki, Elmira Süleymanova ölkəmizdə və beynəlxalq aləmdə tanınmış ictimai-siyasi xadim, görkəmli alim olmaqla yanaşı, gözəl qəlbli xanım, təvazökar insan, əsl vətənpərvər, böyük ziyalıdır: “Elmira xanım Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsində təhsil aldığı illərdə mənim atam, akademik Yusuf Məmmədəliyevin rəhbərliyi altında elmi işlə məşğul olmağa başlayıb. Elmira xanım müəlliminin yolunu həm elmi işçi kimi, həm də ictimai-siyasi xadim olmaqla davam etdirib. Ən başlıcası isə Yusuf Məmmədəliyevin Vətənə sonsuz məhəbbət, Azərbaycanın tarixinə, mədəniyyətinə, milli ənənələrinə hörmət, öz xalqına fədakarlıqla xidmət etmək kimi xüsusiyyətləri də Elmira xanım tərəfindən davam etdirilir. Elmira xanımın öz nəslinin ulularından qalmış, ona əziz olan şəxsi əmlakını muzeyə hədiyyə etməsi təqdirəlayiq haldır. Əminəm ki, onun bu nəcib əməli gözəl örnək olacaq. Öz şəxsi əşyalarını muzeylərimizə, xüsusilə də işğaldan azad edilmiş ərazilərdə fəaliyyətini bərpa edəcək muzeylərə hədiyyə edən həmvətənlərimizin sayı getdikcə artacaq. Bu, mədəni irsimizin qorunub yaşadılması və gələcək nəsillərə ötürülməsinə, möhtəşəm Qələbəmizə böyük töhfə olacaq. Bir daha Elmira xanıma xeyirxah təşəbbüsü üçün minnətdarlıq edir və milli ənənələrimizin yaşaması, əldə etdiyimiz şanlı Zəfərin əbədiləşməsi yolunda atdığı dəyərli addıma görə təşəkkürümüzü bildiririk”.

Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva vurğuladı ki, Şuşa ailələrində olan ənənələrdən biri də o idi ki, başqa bir evə gəlin köçən qızın cehizində mütləq Şuşanın xalçaları qoyulurdu. Qarabağ xalçaları içərisində əvəzsiz olan Şuşa xalçaları sənətkarlıq baxımından fərqli olub.

Milli Xalça Muzeyinin əməkdaşı, Əməkdar rəssam, dosent Məmmədhüseyn Hüseynov çıxışında qeyd etdi ki, türklərin 4 müqəddəs hədiyyəsi var və bunlar prinsip etibarilə ta qədimdən bəri heç vaxt dəyişməyib: qılınc, at, çadır və xalça: “Xalça bizim varlığımızı, kimliyimizi, qədimdən bəri gələn həyat tərzimizi və s. ehtiva edən sənət növüdür. Bu gün Avropanın bir sıra muzeylərində Azərbaycan xalçaları saxlanılır. Biz özümüzə aid olan xalçaları öyrənməliyik”.

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva sələfi Elmira Süleymanovanın fəaliyyəti haqqında danışdı. Qeyd etdi ki, ölkəmizin 2002-ci ildən 2019-cu ilədək ombudsmanı olan Elmira Süleymanovanın Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında müstəsna xidmətləri var: “Mən Elmira xanıma bütün göstərdiyi xidmətlərə görə öz təşəkkürümü bildirirəm. Biz də çalışacağıq ki, gələcək fəaliyyətimizdə bu məsələləri daim nəzarətdə saxlayaq. Mən həm Azərbaycanda, həm də xarici ölkələrdə yaşayan soydaşlarımızı ermənilərin törətdikləri müharibə cinayətləri haqqında daha geniş təbliğat aparmağa dəvət edirəm. Bu, bizim hər birimizin vətəndaş borcudur”.

AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru, akademik Vaqif Abbasov, Aşqarlar Kimyası İnstitutunun baş direktoru, akademik Vaqif Fərzəliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova və “Azərbaycan Sahibkar Qadınlar” İctimai Birliyinin sədri Zemfira Ağayeva Elmira Süleymanovanın elmi, dövlət və ictimai fəaliyyəti haqqında söz açaraq ona muzeyə bağışladığı xalçaya görə təşəkkür etdilər.

Daha sonra çıxış edən professor Elmira Süleymanova göstərilən diqqətə görə tədbir iştirakçılarına minnətdarlığını bildirdi.

Sonda qonaqlar “Ləmpə” xalçası ilə yaxından tanış oldular.

Nurəddin Məmmədli