İyulun 8-də Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı (ARKİ) Katibliyinin geniş tərkibdə iclası keçirilib.
İttifaqın mətbuat xidmətindən bildirilib ki, iclasda 2 avqust – Milli Kino Günü və ARKİ-nin 10 illik yubileyi, milli kinonun bugünkü durumu, eləcə də 9 Noyabr – Zəfər Günü ilə bağlı tədbirlərin keçirilməsi məsələləri müzakirə olunub.
ARKİ-nin sədri, Xalq artisti Şəfiqə Məmmədova əlamətdar günlərlə bağlı görülən və görüləcək təşkilati işlər barədə danışıb.
Sonra ARKİ tərəfindən hər il təqdim edilən Milli kino mükafatı, həmçinin tanınmış kino xadimlərinin fəxri adlara və mükafatlara təqdim olunması ilə bağlı məsələlər müzakirə edilib.
ARKİ-nin İdarə heyətinin katibləri Oktay Mirqasım, Vaqif Mustafayev, Ayaz Salayev, Cəmil Quliyev, Müşfiq Hətəmov, Nəriman Məmmədov və Azər Quliyevin təklif və mülahizələri dinlənilib. Müzakirələrdə tanınmış kino xadimləri Rafiq Nəsirov, Rafiq Qəmbərov, Əbdül Mahmudov, Şamil Əliyev də iştirak ediblər.
Sonda veteran kino xadimləri və yubilyarların mükafatlandırılması məsələlərinə baxılıb, ARKİ-yə yeni üzvlər qəbul olunub.
Xatırladaq ki, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı 2012-ci ilin iyun ayında təsis edilib.
Ölkədə kino sahəsində iki yaradıcılıq təşkilatı – 1963-cü ildə yaradılan Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ, hazırkı sədri – Xalq artisti Rasim Balayev) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı (ARKİ) fəaliyyət göstərir.