Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva İordaniya Haşimilər Krallığının Azərbaycan Respublikasındakı səfiri Sami Asem Qoşeh ilə görüşüb.
Fonddan bildirilib ki, görüş zamanı Günay Əfəndiyeva təşkilatın həyata keçirdiyi layihələrdən söz açıb. Fond tərəfindən nəşr olunan “Azərbaycan qadın şairlərinin poeziya antologiyası” kitabının ərəb dilində nəşri haqqında da səfirə məlumat verilib. Günay Əfəndiyeva mədəniyyətlərarası dialoqun inkişafı istiqamətində əməkdaşlığın vacibliyini vurğulayıb.
İordaniya Haşimilər Krallığının səfiri müxtəlif sivilizasiyaların bir araya gətirilməsi yönündə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətini yüksək qiymətləndirib. Sami Asem Qoşeh təşkilat ilə İordaniya arasında qarşılıqlı əməkdaşlığın uğurlu inkişafına inandığını qeyd edib.
Görüş əməkdaşlığın gələcək perspektivlərinə dair fikir mübadiləsi ilə davam edib.