Bosniya və Herseqovinanın Srebrenitsa şəhərindəki soyqırımından 27 il ötür. Keçmiş Yuqoslaviyanın süqutu nəticəsində meydana gələn qanlı müharibə gedişində baş vermiş qırğın İkinci Dünya savaşından sonra Avropada yaşanmış ən böyük qətliamdır.
1995-ci il iyulun 12-də Bosniyanın müsəlman yaşayış məntəqələrinə hücumları davam etdirən serb generalı Ratko Mladiçin 15 minlik ordusu 20 minə yaxın əhalisi olan Srebrenitsa şəhərinə daxil olaraq orada dəhşətli qırğın törədib. Özü də bu qətliam Srebrenitsada dinc əhalinin təhlükəsizliyini təmin etmək üçün yerləşdirilmiş BMT-nin “mavi dəbilqəliləri”nin gözü qarşısında baş verib. Lakin Niderlanddan olan “sülhməramlı”lar serb generalının qoşunu qarşısında acizliyini görərək kənara çəkilmiş və bu qırğını, sadəcə, müşahidə etmişdi. Serb qoşunları Srebrenitsada bir həftə ərzində kişi cinsindən olan (16 yaşdan 60 yaşadək) demək olar bütün əhalisini – 8 mindən çox bosniyalı müsəlmanı qətlə yetirmişdi...
İyulun 11-də Bosniya və Herseqovinada Srebrenitsa soyqırımının 27-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib. Anım mərasimi vaxtilə BMT sülhməramlılarının hərbi bazası olmuş məkanda – keçmiş akkumulyator fabriki ərazisində təşkil edilib.
Tədbirdə Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü Şefik Caferoviç, Rəyasət Heyətinin xorvat əsilli üzvü Zeljko Komsic, Monteneqronun Baş naziri Dritan Abazoviç, Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin birinci müavini Numan Kurtulmuş və müxtəlif ölkələrdən qonaqlar iştirak ediblər.
Çıxış edənlər 27 il keçməsinə baxmayaraq, hələ də yüzlərlə faciə qurbanının cəsədlərinin tapılmadığını, beynəlxalq ictimaiyyətin soyqırımına layiqli qiymət verməsinin vacibliyini qeyd ediblər.
Tədbirə videokonfrans formatında qoşulan Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel faciə qurbanlarının yaxınlarının kədərini paylaşdığını, ədalət uğrunda illər boyunca mübarizə aparan “Srebrenitsa anaları”nın hər kəsə nümunə olduğunu vurğulayıb.
İyulun 11-də, həmçinin Srebrenitsa soyqırımında qətlə yetirilən və nəşinin qalıqları tapılan daha 50 qurbanının dəfn mərasimi olun. Dəfn olunanlar arasında ən gənc faciə qurbanının yaşı 16, ən yaşlısının isə 59 yaşı olub. Bununla da Potoçari Memorial Qəbiristanlığında dəfn edilən faciə qurbanlarının sayı 6721-ə çatıb.
Son rəsmi statistikaya görə, 1995-ci ilin iyulunda Srebrenitsa şəhərində törədilən soyqırımı 8372 günahsız bosniyalı müsəlmanın qətlə yetirilməsi ilə nəticələnib. Onların təxminən 1500 nəfərin nəşi hələ də tapılmayıb.
Onu da qeyd edək ki, Srebrenitsa qətliamı baş verəndə BMT-nin keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalı (1993-cü il mayın 25-də BMT TŞ-nin 827 saylı qətnaməsinə əsasən yaradılıb, Niderlandın Haaqa şəhərində yerləşib) fəaliyyət göstərirdi. Tribunal Srebrenitsadakı qanlı cinayəti araşdıraraq baş verən qətliama görə general Ratko Mladiç, Bosniyadakı serb separatçılarının lideri olmuş Radovan Karaciç və Serbiyanın keçmişi prezidenti Slobodan Miloşeviçin günahkar olduğunu bəyan etsə də, onlardan ilk olaraq ədalət məhkəməsi qarşısına yalnız bir nəfər – Miloşeviç çıxarılmışdı. O, 2005-ci ildə məhkəmə prosesi başa çatmamış həbsxanada öldü. Karaciç 2008-ci ildə, general Mladiç isə 2011-ci ildə ələ keçirildi. 2016-2017-ci illərdə yekunlaşan məhkəmə onların hər ikisinə ömürlük həbs cəzası kəsdi. Həmçinin soyqırımında iştirak etmiş daha bir qrup şəxs müxtəlif həbs cəzalarına məhkum edildi. BMT-nin keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalı 2017-ci ildə fəaliyyətini başa vurdu.
Eyni zamanda, əvvəlcə Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalı, ardınca isə (2007-ci ildə) BMT-nin Ədalət Məhkəməsi (Beynəlxalq Məhkəmə) Srebrenitsa qətliamını soyqırımı olaraq tövsif edib. Məhkəmənin qərarına görə, 1995-ci ildə Srebrenitsada baş verən qətliam Bosniyadakı serb separatçılarının və onlara dəstək verən serb generallarının iştirakı ilə törədilmiş bir soyqırımıdır. Serbiya dövləti illər sonra, 2017-ci ildə Srebrenitsa qətliamına görə faciə qurbanlarına rəsmən üzrxahlıq ifadə etdi...
V.Kamal