“Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Türkmənistanın mədəniyyət nazirlərinin 29 il əvvəl atdığı addımla bütün dünyada tanınan, hörmət və təqdir edilən mədəni əməkdaşlıq təşkilatı yaranmışdır. Bu gün də ilk günün həyəcanı ilə işimizi davam etdirdiyimiz üçün qardaşlığımız, zəngin mədəniyyətimiz və ümumi nailiyyətlərimizlə fəxr edirik. Yaşadığımız xoşbəxtliyi bizimlə bölüşən, dəstəyini hər zaman hiss etdiyimiz TÜRKSOY-a üzv ölkələrin hörmətli prezidentlərinə, mədəniyyət nazirlərimizə və əziz dostlarımıza ürəkdən təşəkkür edirik”.

Bu sözlər TÜRKSOY-un Baş katibi Sultan Raevin təşkilatın yaranmasının 29-cu ildönümü ilə bağlı yayımladığı açıqlamada yer alıb.

1993-cü il iyulun 12-də Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın mədəniyyət nazirlərinin Almatı şəhərində keçirilən toplantısında “Türk Kültür və Sənətləri Ortaq Yönətimi”nin (TÜRKSOY) yaradılması haqqında saziş imzalanıb.

Sonrakı illərdə Rusiya Federasiyasının Altay, Başqırdıstan, Tatarıstan, Tuva, Xakasiya və Saxa-Yakutiya  respublikaları, Moldovanın Qaqauz Yeri muxtar bölgəsi və Şimali Kipr Türk Cümhuriyyəti təşkilata üzv olub. Qurum 2009-cu ildən Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY adlanır.

Ortaq türk mədəniyyətinin, incəsənətinin, adət-ənənələrinin, mədəni irsinin araşdırılması, qorunması, inkişaf etdirilməsi, dünyada tanıdılması və gələcək nəsillərə ötürülməsi məqsədilə qurulan təşkilatın mənzil-qərargahı (katibliyi) Ankara şəhərində yerləşir. Təşkilatın fəaliyyəti hər il toplantıları keçirilən Mədəniyyət Nazirləri Daimi Şurası tərəfindən müəyyən olunur. Qurumun cari fəaliyyətinə baş katib rəhbərlik edir.

Azərbaycanın Rusiyadakı səfiri, keçmiş mədəniyyət naziri, Xalq artisti Polad Bülbüloğlu 1993-2006-cı illərdə TÜRKSOY-un ilk baş katibi olub. 2007-ci ildən 2022-ci ilədək bu vəzifəni Qazaxıstanın keçmiş mədəniyyət naziri Düsen Kaseinov yerinə yetirib. 31 mart 2022-ci ildə Qırğızıstanın Xalq yazıçısı, keçmiş mədəniyyət, informasiya və turizm naziri Sultan Raev TÜRKSOY-un yeni baş katibi seçilib.

Ötən 29 ildə TÜRKSOY ümumtürk mədəni irsinin təbliği və tanıdılması, türkdilli xalqlar, ölkə və diyarlar arasında əlaqələrin inkişaf etdirilməsi istiqamətində müxtəlif layihələr həyata keçirib. Bu layihələrin bir çoxu ənənə halını alaraq hər il davam etdirilir.

Mehparə Sultanova
Ankara