Videolayihəyə start verilib

 

Mədəniyyət Nazirliyi tərəfindən tarixən vətənimizdə çiyin-çiyinə yaşayan xalqların yaratdıqları əsrarəngiz memarlıq nümunələri, zəngin mədəniyyətimizin carçısı olan abidələrimiz, dini məbədlərimiz haqqında ətraflı məlumatların təqdim olunacağı “Azərbaycan – mədəni müxtəlifliyin məkanı” adlı videolayihəyə start verilib.

Çoxşaxəli mədəni irsinə, rəngarəng folkloruna daim sahib çıxan Azərbaycan xalqının qərinələr boyu nəsillərdən-nəsillərə ötürdüyü daş salnaməsinə həsr olunmuş videoçarxlar mütəmadi olaraq nazirliyin sosial media hesablarında paylaşılacaq.

Layihənin ilk paylaşımı Azıx mağarası tarixi yaşayış məskəni ilə bağlıdır. Videoçarxda Azıx mağarasının elmi, mədəni, tarixi, coğrafi, arxeoloji əhəmiyyəti barədə məlumatlar Azərbaycan və ingilis dillərində verilir. Bu çoxtəbəqəli abidə dünyada sayı az olan mağara tipli qədim insan düşərgələrindəndir.