Vətənpərvərlik tədbiri keçirilib

 

Azərbaycan Ordusunda Tovuz döyüşlərinin ikinci ildönümünə həsr olunmuş anım mərasimləri keçirilir, şəhid məzarları ziyarət olunur, şəhid ailələrinə baş çəkilir və bu döyüşlərin hərb tariximizdə tutduğu yer geniş təbliğ olunur.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Tovuz rayonundakı N hərbi hissəsində keçirilən “Tovuz döyüşlərindən möhtəşəm Zəfərə doğru” adlı vətənpərvərlik tədbirində nazirliyin rəsmiləri, hərbi qulluqçular, Qazax, Tovuz, Ağstafa, Gədəbəy, Şəmkir rayonlarından dəvət olunan şəhidlərin ailə üzvləri, müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri və incəsənət xadimləri iştirak ediblər.

Tovuz döyüşləri zamanı şəhidlik zirvəsinə ucalan Azərbaycanın Milli qəhrəmanları general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayorlar Namiq Əhmədov, Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, gizirlər İlqar Zeynallı, Yaşar Babayev, çavuş Vüqar Sadıqov, baş əsgər Elşad Məmmədov, əsgərlər Elçin Mustafazadə, Nazim İsmayılov və Xəyyam Daşdəmirovun portretlərinin yer aldığı xatirə lövhələri qarşısında onların hər birinin həyat və döyüş yolu barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib.

Layihənin müəllifi, Əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbani 2020-ci il iyulun 12-də Ermənistanın Azərbaycanın Tovuz rayonu istiqamətində ölkəmizə qarşı törətdiyi növbəti təxribat barədə danışaraq qeyd edib ki, bu təxribatı törətməkdə Ermənistanın əsas məqsədi Qarabağ mövzusundan diqqəti yayındıraraq regionda yeni bir təhlükə mənbəyi yaratmaq idi. Tovuz döyüşləri zamanı Azərbaycan Ordusunun müqayisəedilməz üstünlüyü, hər an düşməni məhv etməyə hazır olması bu dəfə də təsdiqini tapdı. Həmin günlərdə Azərbaycan Prezidenti İlham Əliyev böyük qürur hissi ilə bildirirdi ki, erməni hərbi birləşmələrinin təxribatının qarşısının alınması istiqamətində hərbçilərimizin göstərdiyi şücaət bir qəhrəmanlıq dastanına çevriləcək.

Tovuz döyüşləri zamanı 12 say-seçmə hərbi qulluqçumuzu şəhid versək də, bu döyüşlər xalqımızın, eləcə də Ordumuzun hər bir əsgər və zabitinin Ali Baş Komandanın ətrafında daha sıx birləşməsinə zəmin yaratdı.

Azərbaycan Yazıçılar Birliyi Qazax filialının rəhbəri, Əməkdar incəsənət xadimi, şair-publisist Barat Vüsal Müdafiə Nazirliyinin təşkilatçılığı ilə keçirilən vətənpərvərlik ruhlu tədbirlərin əhəmiyyətindən danışıb, şeirlərini söyləyib.

Birinci Qarabağ müharibəsi qazisi, ehtiyatda olan mayor Mustafa Rasimoğlunun söylədiyi vətənpərvərlik ruhlu şeirlər də tədbir iştirakçılarına qürurlu anlar yaşadıb.

Kəlbəcər rayonu ərazisində dislokasiya edilən hərbi hissədən gəlmiş polkovnik-leytenant Anar Cavadov işğaldan azad olunan torpaqlarda vüsət alan quruculuq işlərindən bəhs edib.

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzi musiqi kollektivinin təqdim etdiyi vətənpərvərlik mahnıları, şəhidlərin xatirəsinə həsr edilən elegiya və xoreoqrafik kompozisiyalar maraqla qarşılanıb.

Tədbirin sonunda Tovuz döyüşləri zamanı şəhid olan 12 nəfər hərbi qulluqçunun xatirəsinə on iki məşəl alovlandırılıb və əsgərlər bu müqəddəs odu sönməyə qoymayacaqlarına, torpaqlarımızı bundan sonra da canları və qanları bahasına qoruyacaqlarına and içiblər.