“Lazım olan vaxtda lazım olan addımları atacağıq”

 

Ermənistan heç vaxt bizimlə açıq döyüşdə qələbə qazana bilməyib və bilməz. Son günlər ərzində Azərbaycan Ordusu bir daha öz üstünlüyünü göstərdi. Biz lazım olan vaxtda – bu günlərdə yaradılmış əlavə imkanlardan, o cümlədən döyüş məntəqələrinin yeni yerləşməsindən istifadə edib öz sözümüzü deyəcəyik. 

Prezident, Ali Baş Komandan İlham Əliyev bu sözləri iki il əvvəl, 2020-ci il iyulun 15-də Nazirlər Kabinetinin iclasında çıxışı zamanı Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində düşmənin törətdiyi hərbi təxribatın qarşısının alınmasından bəhs edərkən demişdi.

Prezident diqqətə çatdırmışdı ki, 2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ildə uğurlu Naxçıvan (Günnüt) əməliyyatında olduğu kimi, Tovuz döyüşləri də Azərbaycan Ordusunun qalibiyyət səhifəsidir.

“O ki qaldı, bizim addımlarımıza, lazım olan vaxtda lazım olan addımları atırıq və atacağıq. Mən hələlik bundan artıq heç nə demək istəmirəm, hadisələri qabaqlamaq istəmirəm... Nə vaxt, nəyi, necə etmək lazımdır, bunu biz bilirik. Hesab edirəm ki, yaxın tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni zamanda, döyüş meydanında. Nəyi ediriksə, dəqiqliklə edirik. Son dörd il ərzində üç əməliyyat keçirilmişdir, üç toqquşma olmuşdur. Üçündə də qalib gəldik. Üçündə də bayrağımızı istədiyimiz yerə sancdıq. Üçündə də düşmənə sarsıdıcı zərbələr endirdik”,  – deyə dövlət başçısı bildirmişdi.

Prezident bu məsələnin iki gün öncə Təhlükəsizlik Şurasının toplantısında müzakirə olunduğunu qeyd edərək, Ermənistanın 12 iyulda sərhəddə başlatdığı təxribata qəti şəkildə cavab verildiyini vurğulamışdı: “Azərbaycan Silahlı Qüvvələrinə göstəriş verdim ki, hərbçilərimizin intiqamı alınmalıdır, onların qanı yerdə qalmamalıdır və düşmənə elə bir zərbə endirilməlidir ki, onu uzun müddət bundan sonra yaddan çıxarmasın”.

Xatırladaq ki, 2020-ci ilin 12-14 iyul tarixində Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Tovuz rayonu istiqamətində artilleriya qurğularından istifadə etməklə mövqelərimizi intensiv atəşə tutmuş və hücuma keçməyə cəhd göstərmişdi. Lakin görülən qəti tədbirlər nəticəsində düşmənə ciddi zərbə endirilmiş və ağır itki verərək geri oturdulmuşdu.

Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitləri canları və qanları bahasına düşmənin sərhəd boyu bir addım da olsun torpaqlarımıza ayaq basmasına imkan vermədilər.

Qısa fasilələrlə beş gün sürən Tovuz döyüşlərində Silahlı Qüvvələrimizin 12 hərbi qulluqçusu, o cümlədən iyulun 14-də döyüş zamanı müdafiənin ön xəttində olan general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev şəhidlik zirvəsinə ucaldılar. Bu, Azərbaycan Ordusunun yüksəkrütbəli zabitlərinin əsl vətənpərvərliyini, cəbhənin ön xəttində döyüş tapşırıqlarını ləyaqətlə yerinə yetirməsini dünyaya nümayiş etdirdi.

Azərbaycan Ordusunun yüksək peşəkarlığının daha bir örnəyi olan Tovuz döyüşləri zamanı düşmənin 100-dən çox hərbçisi məhv edildi, bir neçə hərbi obyekti və texnikası, həmçinin uzunmüddətli atəş nöqtələri və dayaq məntəqəsi, radiolokasiya stansiyası, tabor qərargahı və hərbi infrastrukturu bölmələrimizin dəqiq atəşi ilə darmadağın oldu. Böyük itki verən düşmən geri çəkildi.

Tovuz döyüşlərinin mühüm əhəmiyyəti xalqımızın Ali Baş Komandanın rəhbərliyi ilə düşmənə qarşı qəhrəmancasına döyüşən Ordumuzla milli həmrəylik nümayiş etdirməsi idi. İyulun 14-dən 15-nə keçən gecə on minlərlə gənc paytaxtımızda yürüş edərək Azərbaycan Ordusuna dəstəyini göstərdi. Növbəti günlərdən başlayaraq yüzlərlə gənc ordu sıralarına yazılmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bölmələrinə müraciət etdi.

Tovuz döyüşlərindən təxminən iki ay yarım sonra düşmənin növbəti təxribatının qarşısını almaq üçün genişmiqyaslı əks-həmlə əməliyyatına başlayan rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində Ermənistan silahlı qüvvələrinə layiq olduğu yeri göstərdi. Ali Baş Komandanın “Nə vaxt, nəyi, necə etmək lazımdır, bunu biz bilirik. Lazım olan vaxtda lazım olan addımları atırıq və atacağıq” sözləri təsdiqini tapdı. Azərbaycan Ordusu Vətən uğrunda cəmi şəhidlərimizin qisasını döyüş meydanında alaraq, torpaqlarımızda otuz ilə yaxın sürən işğala son qoydu...