“İrsin idarəedilməsi bacarıqlarının inkişafı” proqramında növbəti təlim kursu

 

Mədəniyyət Nazirliyinin sifarişi və dəstəyi, ölkəmizin UNESCO yanında Daimi Nümayəndəliyi və Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının (AYSF) tərəfdaşlığı ilə “Qlobal Kommunikasiyalar və İnnovasiyalar” şirkəti tərəfindən iyulun 14-də “İrsin idarəedilməsi bacarıqlarının inkişafı” təlim proqramı çərçivəsində növbəti, üçüncü treninqə start verildi.

Təlim kursunun mövzusu UNESCO-nun “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında” 2005-ci il Konvensiyasına həsr olunub. 

AYSF İdarə heyətinin sədri, təlim proqramının rəhbəri Vasif Eyvazzadə çıxış edərək “İrsin idarəedilməsi bacarıqlarının inkişafı” təlim proqramı çərçivəsində əvvəlki iki təlim kursu haqqında məlumat verdi. O, layihədə dörd ayrı təlim modulu üzrə fərqli təlimçilər və qonaq çıxışçıların iştirakı ilə maraqlı mövzulara toxunulacağını bildirdi.

Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi, səfir Elman Abdullayev çıxış edərək UNESCO-Azərbaycan münasibətlərinin tarixi, birgə əməkdaşlıq prosesində qurumun konvensiyalarının əhəmiyyəti barədə danışdı.

Multikulturalizm və mədəniyyətlərarası dialoqla əlaqədar beynəlxalq və Azərbaycan təcrübələri haqqında fikirlərini bölüşən diplomat Qarabağda dağıdılmış milli mədəni irsimizin araşdırılması və beynəlxalq səviyyədə tanıdılması, eləcə də işğal dövründə ölkə ərazisindən qanunsuz çıxarılmış mədəni irs nümunələrinin siyahılarının təşkili istiqamətində aparılan işlər və qarşıda duran vəzifələrdən də bəhs etdi.

Sonra təlim proqramının rəhbəri Vasif Eyvazzadə UNESCO-nun “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında” 2005-ci il Konvensiyası haqqında məlumat verərək sənədin məqsədləri, mədəniyyətin universal tərifi, mədəni müxtəliflik anlayışı və müxtəliflik kateqoriyaları, mədəni özünüifadə anlayışı, mədəni fəaliyyətlər, mallar və xidmətlər mövzularını iştirakçılara müzakirə şəklində təqdim etdi.

V.Eyvazzadə həmçinin “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında” Konvensiyanın icrasına məsul idarəetmə orqanları, Baş Tərəflərin Konfransı, Hökumətlərarası Komitə, Beynəlxalq Mədəni Müxtəliflik Fondu və fond tərəfindən dəstəklənən layihələr üzrə uyğunluq meyarları haqqında da məlumat verdi.

Növbəti çıxışçı – Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) icraçı direktoru Rəvan Həsənov qlobal və tarixi kontekstə multikulturalizmin idarəedilməsi təcrübələri, ənənələri və meyilləri haqqında danışaraq idarəetmədə tətbiq olunan uğurlu modelləri müqayisəli təhlil etdi. O, həmçinin BBMM-in fəaliyyət və məqsədlərindən də geniş söhbət açdı.

Sonra təlim iştirakçılarının sualları ətraflı cavablandırıldı.

Təlimin ilk gününün ikinci yarısında innovasiyalar və rəqəmsallaşma üzrə ekspert, “İdeyadan Biznesə” (I2B) layihəsinin rəhbəri Rəşad Əzizov innovasiyalar və startapların inkişafı üçün zəruri ekosistem elementləri, mədəni fəaliyyət sahələrində innovativ rəqəmsal həllər və platformalar haqqında məlumat verdi. Təlimçi eyni zamanda innovativ məhsul və həllərə dair konkret nümunələr təqdim edərək startap quruculuğunun inkişaf mərhələləri haqqında mədəniyyət müəssisələri timsalında konkret keyslərlə ətraflı bəhs etdi.

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən müvafiq qurumlarla birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən və rəhbəri olduğu I2B layihəsi haqqında da söz açan R.Əzizov regionlarda yerli müsabiqə proseslərinə dair diqqətçəkən təcrübələri iştirakçılarla bölüşdü.

Təlim kursu iyulun 15-də davam edəcək.

Treninqdə Mədəniyyət Nazirliyi və onun tabeliyində fəaliyyət göstərən müəssisələrin, Dövlət Turizm Agentliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Heydər Əliyev Mərkəzinin əməkdaşları iştirak edir. Təlimə həmçinin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, AMEA-nın müvafiq institutları, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, yaradıcılıq ittifaqları və digər qurumların nümayəndələri qatılıb.

Lalə