Dövlət Turizm Agentliyinin (DTA) dəstəyi və Milli Kulinariya Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Turizm Bürosu və milli aşpazlardan ibarət nümayəndə heyəti Londonda keçirilən “National Geographic Traveller” kulinariya festivalında iştirak edib.

DTA-dan bildirilib ki, festivalda milli mətbəx nümunələri, Azərbaycanda çay mədəniyyəti, Qarabağ kətəsi, şəkərbura, paxlava, qoğal kimi milli şirniyyatlar, Azərbaycan şərabları təqdim edilib.

Milli aşpazlarımız Cavid Həsənov, Ruslan Əlizadə və Samirə Əmrahovadan ibarət komanda tərəfindən festival iştirakçılarına, o cümlədən tədbiri ziyarət edən media nümayəndələrinə Azərbaycan mətbəxinin ən sevilən təamlarından olan qutab, yarpaqdolması, kələmdolması, müxtəlif növ plovlar, həmçinin kükünün bir sıra növləri hazırlanaraq təqdim edilib.

Festival çərçivəsində milli mətbəximizin incilərinin nümayiş etdirildiyi xüsusi ustad dərsi keçirilib.

Ustad dərslərində aşpazlarımız tərəfindən 2017-ci ildə UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edilən milli yeməyimiz – dolma hazırlanıb. Dolmanın hazırlanma qaydası ilə yanaşı, auditoriyaya Azərbaycanın mətbəx mədəniyyəti, onun tarixi, fəlsəfəsi, mətbəxin formalaşmasına təsir edən əsas amillər barədə də məlumat verilib.

Ölkəmizin stendini ziyarət edən qonaqların böyük marağına səbəb olan yeməklərdən biri də “Cənub çələngi” olub. 6 növ plov, ləvəngi növləri və turşuqovurmanın vəhdətindən formalaşan bu özünəməxsus təqdimat üsulu milli mətbəximizin müasir təqdimatı istiqamətində atılan mühüm addımdır. Bununla yanaşı, bu yeməkdə ölkənin əsas turizm marşrutlarından biri olan cənub istiqamətinin biomüxtəlifliyi də təmsil olunub.

Tədbirdə iştirak edən Azərbaycan Turizm Bürosun İdarə heyətinin sədri Florian Zenqstşmid hər bir ölkənin qastronomiyasının onun mədəniyyətinin güzgüsü olduğunu qeyd edib. Bildirib ki, əlverişli coğrafiya və fərqli iqlim zonalarının təsiri ilə yaranan biomüxtəlifliyi, həmçinin tarixi İpək Yolunun bir parçası kimi müxtəlif xalqların və mədəniyyətlərin qovuşma mərkəzi kimi çıxış etməsi Azərbaycan mətbəxinin dünyanın ən zəngin və ləziz mətbəxlərindən biri kimi formalaşmasına təsir göstərib.