Qazaxıstanın Almatı şəhərində MDB-yə üzv ölkələrin dövlət arxiv xidməti rəhbərləri Məsləhət Şurasının 18-ci iclası keçirilib.

İclasda ölkəmizi Milli Arxiv İdarəsi Sənədlərin nəşri və istifadəsi şöbəsinin müdiri, İnformasiya təminatı və elektron xidmətlər mərkəzinin rəhbəri Natiq Eminov təmsil edib.

Milli Arxiv İdarəsindən bildirilib ki, nümayəndə heyətləri əvvəlcə Qazaxıstan Respublikası tarixinin müxtəlif mərhələlərini özündə əks etdirən arxiv sənədlərindən ibarət sərgi ilə tanış olublar.

Rotasiya qaydasında Qazaxıstanın sədrliyi ilə təşkil olunan iclasda 2021-ci il və 2022-ci ilin altı ayı ərzində MDB ölkələri arxiv xidməti təşkilatlarının fəaliyyəti haqqında ümumi analitik təhlil dinlənilib, sözügedən mövzu ətrafında müvafiq ölkələrin arxiv xidməti rəhbərləri və nümayəndələri təmsil etdikləri ölkələr üzrə arxiv xidməti sahəsində görülmüş işlər barədə məruzə ilə çıxış ediblər.

Arxiv işi sahəsində normativ-hüquqi sənədlərin qəbul edilməsi, elektron xidmətlərin tətbiqi, informasiya sistemlərinin hazırlanması, beynəlxalq əlaqələr, arxivlərin maddi-texniki təchizatı haqqında müzakirələr aparılıb.

Gündəlikdə duran digər məsələlər barədə də aidiyyəti üzrə fikir mübadiləsi aparılaraq müvafiq qərarlar qəbul olunub.

MDB-yə üzv ölkələrin dövlət arxiv xidməti rəhbərlərinin Məsləhət Şurasına növbəti birillik müddətə Özbəkistan Respublikasının “Uzarxiv” agentliyinin rəhbəri Uluqbek Yusupov sədr seçilib. Şuranın 19-cu iclasının 2023-cü ilin sentyabr ayında Özbəkistanın Səmərqənd şəhərində keçirilməsi qərara alınıb.

İclas iştirakçıları Qazaxıstan Dövlət Arxivində, Dövlət Kino-Foto və Fono Sənədləri Arxivində, Dövlət Elm və Texnika Sənədləri Arxivində, o cümlədən Qazaxıstan Respublikası Prezidentinin Arxivində yaradılmış şəraitlə tanış olublar.