Böyük Qayıdışın ilk maşın karvanı zəngilanlıları doğma yurda çatdırıb

 

İyulun 19-da Azərbaycanın işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndinə əhalinin köçürülməsi başlanıb.

“Ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə əhalinin köçürülməsinin birinci mərhələsinə həsr edilmiş tədbir Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində məcburi köçkünlərin yaşayış kompleksində keçirilib. 10 ailədən ibarət ilk qrup Masazır qəsəbəsindəki “Zəngilan şəhərciyi”ndən Daxili İşlər Nazirliyi əməkdaşlarının müşayiəti ilə öz doğma yurd-yuvalarına yola salınıb. İlk mərhələdə ümumilikdə 41 ailə yenidən qurulan Ağalı kəndinə köçəcək.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev və Zəngilan Rayоn İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov mərasimdə iştirak ediblər.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Zəngilan rayonunun Ağalı kəndinə köçlə bağlı məlumat yayıb.

Məlumatda vurğulanır ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər 30 ilə yaxın doğma yurdun həsrətini çəkən məcburi köçkün həmvətənlərimizin doğma yurda qayıdışına imkan yaradıb. Ağalı kəndinə əhalinin köçürülməsi Böyük Qayıdışın ilk qədəmləridir. İşğala qədər bu inzibati ərazi 3 kəndi (1-ci, 2-ci və 3-cü Ağalı kəndləri) birləşdirib.

Yeni Ağalı kəndinə birinci mərhələdə köçürülən 41 ailə müvəqqəti məskunlaşma yerlərində ən ağır şəraitdə yaşayanlar arasından seçilib və bu zaman köçürülmə üçün təqdim edilən yaşayış sahələrinin həcmi nəzərə alınıb. Köçürülənlər arasında 1-ci, 2-ci və 3-cü Ağalı kəndlərinin hər birinin sakinləri var.

Evlərin bölgüsü məcburi köçkünlərə yeni yaşayış sahələrinin verilməsinin hazırda qüvvədə olan qaydaları əsasında, şəffaflıq və ədalətlilik prinsipləri əsasında püşkatma ilə aparılıb. Püşkatma bir müddət bundan əvvəl Dövlət Komitəsinin Repatriasiya departamentində keçirilib.

Köçürülən ailələrin hər bir üzvünə iş təklif olunub və təkliflər qəbul edilib. Təklifi qəbul etmiş şəxslər köçürülmədən sonra iş yerlərində rəsmi şəkildə qeydiyyata alınıb fəaliyyətə başlayacaqlar. Ağalıya köçürülən ilk sakinlər arasında təqaüdçü, tələbə, evdar qadınlar olmaqla yanaşı, mühəndis, satıcı-kassir, gözətçi, bağban, aqronom, müəllim, həkim, kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər və s. xidmət, səhiyyə və təhsil sahələri üzrə ixtisaslaşmış kadrlar vardır.

Mövcud qanunvericiliyə əsasən, məcburi köçkünlər daimi yaşayış yerlərinə qayıtdıqdan sonra üç il müddətində dövlətin onlar üçün müəyyən etdiyi sosial müdafiə tədbirlərindən yararlana biləcəklər.

29 il sürən həsrətdən sonra Ağalı sakinləri iyulun 19-da günün ikinci yarısında doğma torpaqlarına qovuşublar.

Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi Vahid Hacıyev Ağalı sakinlərini salamlayıb.

Sakinlərə “Azercell”dən hədiyyələr və “Rahat” marketdən 100 manatlıq kuponlar təqdim edilib.

Daha sonra Ağalı sakinlərinin ailə başçılarına evlərinin açarları verilib. Kənd sakinləri evləri ilə tanış olublar.

 “Ağalı kəndi artıq öz doğma sakinlərini qəbul edir. Evlər, məktəb, uşaq bağçası – burada yaşayış üçün lazım olan bütün infrastruktur hazırdır. Sakinlər üçün iş yerləri mövcuddur. Bundan sonra da sakinlərə bütün zəruri dəstək göstəriləcək”, – deyə Vahid Hacıyev jurnalistlərə açıqlamasında bildirib.

Zəngilanın digər kəndlərinin də layihələrinin hazırlandığını deyən V.Hacıyev rayonda hərtərəfli bərpa və yenidənqurma işlərinin həyata keçirildiyini bildirib.

Böyük Qayıdışın ilk iştirakçıları olmaqdan qürur duyduğunu bildirən Ağalı kənd sakini Möhtubbət Səmədov deyib ki, sevincimizin həddi-hüdudu yoxdur. Kənd camaatı ilə birlikdə doğma yurdumuza qayıtmışıq. Bu qayıdışın ardı gələcək, bütün məcburi köçkünlərimizin torpaq həsrəti sona yetəcək: “Otuz il idi sanki yaşamırdım. Bu gündən həyatımı yenidən yaşamağa başlamışam. Bu sevinci bizə yaşadanlara – Ali Baş Komandan İlham Əliyev başda olmaqla Ordumuza minnətdaram. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin”.

Kənd sakini Vəliyəddin Paşayev: “Zəngilan rayonunun Ağalı kəndində doğulub boya-başa çatmışam. Kəndimizi tərk edəndə 32 yaşım var idi. Şükür Allaha, 2020-ci ilin payızında 44 gün ərzində rəşadətli Azərbaycan Ordusu ərazi bütövlüyümüzü bərpa etdi. Əhd etmişdim ki, torpaqlarımız alınanda bərpa işlərində mən də iştirak edəcəyəm. Əhdimə sadiq qaldım. Bir il üç aydır ki, Ağalıda işləyirəm. Buranı ilk dəfə görəndə dəhşətə gəldim. Erməni vandalları kəndimizi xarabalığa çevirmişdilər. İndi isə Ağalı kəndi gülüstana çevrilib”.

Ağalı kənd sakini Minə Mirzəyeva bu günün ağalılılar üçün əlamətdar gün olduğunu deyib: “Neçə ildir doğma rayonumuzun, kəndimizin həsrətini çəkir, ürəyimizin hər döyüntüsündə uzaqlığın ağrısını hiss edirdik. Ağalı kəndinin sakinləri çox şanslıdırlar. Çünki ilk olaraq onların nisgilinə son qoyuldu”.

Xatırladaq ki, bu il mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Ağalı kəndində müasir şəhərsalma standartları tətbiq olunub. Küçələrin “ağıllı” işıqlandırılması, isti və soyuğadavamlı ekoloji evlərin inşası, məişət tullantılarının idarə olunması, günəş panellərinin quraşdırılması kimi amillər bu konsepsiyanın tərkib hissələridir.

Kənddə ailə-sağlamlıq mərkəzi, uşaq bağçası, tam orta məktəb də sakinlərin istifadəsində olacaq.

Qeyd edək ki, 1993-cü ilin oktyabrında Zəngilan rayonu işğal edilənə qədər Birinci Ağalı kəndində 40 ailə (154 nəfər), İkinci Ağalıda 60 ailə (245 nəfər), Üçüncü Ağalıda isə 161 ailə (675 nəfər) yaşayıb. Hazırda bu kəndlərdən olan ailələrin ümumi sayı 352-dir (1504 nəfər).