Mədəniyyət naziri peşə bayramı ərəfəsində media nümayəndələri ilə görüşdü

 

22 iyul ölkəmizdə Milli Mətbuat Günü – media işçilərinin peşə bayramıdır. Bu münasibətlə iyulun 19-da mədəniyyət naziri Anar Kərimovun Beynəlxalq Muğam Mərkəzində media nümayəndələri ilə görüşü keçirildi.

Mədəniyyət Nazirliyi Media və kommunikasiya şöbəsinin müdiri Məryəm Qafarzadə tədbiri giriş sözü ilə açaraq iştirakçıları qarşıdan gələn Milli Mətbuat Günü münasibətilə təbrik etdi. Bildirdi ki, Mədəniyyət Nazirliyi media ilə əməkdaşlığa hər zaman xüsusi önəm verir. Təqdirəlayiq haldır ki, ölkəmizin işğaldan azad olunan ərazilərində mədəniyyətin dirçəlməsi ilə bağlı nazirlik tərəfindən həyata keçirilən layihələr də mətbuatımızda işıqlandırılır: “Bu layihələrin əsas məqsədi Qarabağın tarixən mövcud olmuş zəngin mədəni irsini bərpa etmək, mədəniyyətimizi yenidən bu torpaqlara qaytarmaqdır. Bugünkü görüşdə sizlərin bu mövzuda fikir və təkliflərini dinləmək istəyirik. Ümid edirik ki, gələcəkdə bu əməkdaşlıq daha da genişlənəcək”.

Mədəniyyət naziri Anar Kərimov çıxışında əvvəlcə kütləvi informasiya vasitələri mənsublarına Milli Mətbuat Günü münasibətilə xoş diləklərini çatdırdı. Qeyd etdi ki, media işçilərinin peşə bayramı ölkəmizdə ən əlamətdar günlərdən biridir: “Çünki hər inkişaf etmiş cəmiyyətin göstəricilərindən biri onun mətbuatının fəal və cərəyan edən proseslərə obyektiv münasibət bildirməsi ilə ölçülür. Biz fəxrlə deyə bilərik ki, müstəqilliyimizi bərpa edəndən bəri mətbuatımız ölkəmizdə baş verən hadisələri operativ, düzgün və dinamik şəkildə işıqlandırır. Rəqəmsal platformalar populyarlaşdıqca media daha da güc alır və ölkədə baş verən hadisələrə təsir etmək imkanı qazanır. Mətbuat hər zaman cəmiyyətin həm inkişafını, həm də nöqsanlarını ortaya çıxarır, bu və ya digər məsələnin həllində carçı rolunu oynayır. Ölkə mediasının mədəniyyət sahəsinə diqqətini, o cümlədən mövcud problemlərə həssas münasibətini də təqdir edirik”.

Nazir Vətən müharibəsindəki şanlı Zəfərdən sonra informasiya müstəvisində savaşın, mübarizənin davam etdiyini bildirdi: “Mediamız informasiya müharibəsində Azərbaycan həqiqətlərini, həmçinin işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda dövlətimiz tərəfindən həyata keçirilən genişmiqyaslı quruculuq işlərini də geniş işıqlandırır, dünya ictimaiyyətinə çatdırır...”.

Anar Kərimov Mədəniyyət Nazirliyinin işğaldan azad olunmuş ərazilərdə mədəni mühitin öyrənilməsi, tarixi-mədəni mirasın inventarlaşdırılması, tədqiqi və bərpası, bir sözlə, mədəniyyətimizin azad olunmuş ərazilərə qaytarılması istiqamətində  davamlı fəaliyyət göstərdiyini diqqətə çatdırdı. Dedi ki, bu sahədə də media orqanları ilə uğurlu əməkdaşlıq qurulub.

Mədəniyyət Nazirliyi olaraq hər zaman Vətən müharibəsi şəhidlərinin ailələrinə və qazilərə həssaslıqla yanaşdıqlarını deyən Anar Kərimov bu sahədə müxtəlif layihələrin həyata keçirildiyini söylədi: “Bu həssaslığı biz layihələrimizlə göstərmişik. Nazirliyin “Səhnədən-səngərə: şəhidlər” və “Səhnədən-səngərə: qazilər” layihələri uğurla reallaşdırılıb. Layihə üzrə mədəniyyət sahəsində çalışmış şəhidlərimizin həyat hekayələri, onların ailə üzvləri, dostları, iş yoldaşlarının müsahiblərinin yer aldığı geniş videoçarxlar hazırlanaraq ictimaiyyətə təqdim edilib. Layihə çərçivəsində eyni zamanda qazilərimiz haqqında da belə videoçarxlar hazırlanıb. Media orqanlarımız sözügedən və digər layihələrimizi davamlı işıqlandırıblar. Bizim bundan sonra da, xüsusilə Qarabağın tarixi-mədəni irsi, ənənələri ilə bağlı çoxsaylı layihələrimiz olacaq. Məlum olduğu kimi Mədəniyyət Nazirliyi tərəfindən “Qarabağın tarixi” adlı qısa videoçarxlar müsabiqəsi elan edilib. Mən media nümayəndələrindən, blogerlərdən bu müsabiqədə fəallıq gözləyirəm. Əminəm ki, bu müsabiqə Qarabağın tarixini geniş ictimaiyyətə tanıtdırmaq üçün gözəl bir fürsət olacaq. “Şuşanın dörd fəsli”, “ArtCamp Shusa”  kimi layihələr də mediada geniş təbliğ ediləcək”.

Nazirliyin “Azərbaycan – qədim sivilizasiyalar məskəni” adlı layihəsi haqqında məlumat verən Anar Kərimov layihə çərçivəsində bir neçə videoçarxın hazırlandığını bildirdi: “Bu videoçarxlardan biri dünyanın ən qədim insan məskənlərindən, Xocavənd rayonunun işğaldan azad edilmiş ərazisində yerləşən Azıx mağarası haqqındadır. Bu layihənin televiziya və mətbuat vasitəsilə daha geniş təbliğ olunmasını istərdik. Əminəm ki, “Azərbaycan – qədim sivilizasiyalar məskəni” layihəsi həm ölkəmizdə, həm də beynəlxalq səviyyədə qədim tarixi mirasımızın təbliğinə töhfə olacaq”.

Nazir çıxışının sonunda bir daha media nümayəndələrini qarşıdan gələn peşə bayramı münasibətilə təbrik etdi, bu sahədə çalışan hər kəsə uğurlar arzuladı.

Sonda Anar Kərimov media nümayəndələrinin müxtəlif məsələlərlə bağlı  fikir və təkliflərini dinlədi, bir sıra mövzulara dair öz mülahizələrini bölüşdü.

Nurəddin Məmmədli