Ağdam, Ağcabədi və Gədəbəydə arxeoloji tədqiqatlar

 

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu ilə Almaniya Arxeologiya İnstitutu arasında bağlanmış müqaviləyə əsasən, Ağdam və Ağcabədi rayonları ərazisində birgə ekspedisiya həyata keçirilir. İnstitutun baş direktoru, tarix elmləri doktoru, professor Abbas Seyidov bu günlərdə arxeoloji qazıntı işləri aparılan sahəyə baş çəkib.

İnstitutdan bildirilib ki, ekspedisiyanın məqsədi Qarabağ düzənliyində eramızdan əvvəl VI-IV minilliklərə aid yaşayış məskənlərində arxeoloji tədqiqatların səmərəliliyinə nail olmaqdır.

Baş direktor ilk olaraq Ağdam rayonunun Eyvazlı kəndi ərazisində 1984-1990-cı illərdə mərhum arxeoloq, AMEA-nın müxbir üzvü İdeal Nərimanovun tədqiq etdiyi Leylatəpə abidəsində bu gün müasir üsullarla aparılan qazıntı işləri ilə tanış olub.

Almaniya tərəfindən ekspedisiyanın rəhbəri Mark İserlis qazıntılar haqqında məlumat verib.

Azərbaycan tərəfdən ekspedisiyanın rəhbəri, tarix üzrə fəlsəfə doktoru, dosent Xəqani Alməmmədov bu il eyni mədəniyyətə aid 13 abidəyə baxış keçirildiyini, dronla çəkilişlər, topoqrafik işlər aparıldığını, 3D modellərinin hazırlandığını bildirib.

İkinci baxış yeri Ağcabədi rayonunun Sarıcalı kəndi ərazisində yerləşən Canavartəpə arxeoloji abidəsi olub. Qazıntı işləri və maddi mədəniyyət nümunələri ilə yaxından tanış olan baş direktor arxeoloqlarla fikir mübadiləsi aparıb və onlara işlərində uğurlar arzulayıb.

***

Gədəbəy rayonu ərazisindəki “Qız qalası” və ya yerli əhali tərəfindən “Namərd qala” adlanan abidədə də arxeoloji qazıntı işləri aparılır. Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru Abbas Seyidov institutun əməkdaşı, dosent Tükəzban Alıyeva tərəfindən aparılan arxeoloji tədqiqatlarla tanış olub.

Bildirilib ki, rayonun Söyüdlü kəndi yaxınlığında yerləşən abidə çətin çıxılan dağ üzərində, ətrafı meşələrlə örtülü olan, füsunkar gözəlliyə malik ərazidə yerləşir. İlkin araşdırmalara və memarlıq xüsusiyyətlərinə görə abidənin tikintisi XII əsrə – Azərbaycan Atabəyləri dövlətinin mövcud olduğu dövrə aid edilir. Qala divarları iri sal daşlar üzərində bişmiş kərpicdən istifadə edilməklə, çox möhtəşəm quruluşa malikdir.

Abidənin tədqiqatçısı Tükəzban Alıyeva məlumat verib ki, qalada yerləşən otaqlardan birində 1,2-1,4 metr dərinlikdə torpaq qatı təmizləndikdən sonra otağın içərisindən biri-birinə əks istiqamətdə iki yolun olduğu müəyyən edilib. İndi burada qazıntı işləri və yolların təmizlənməsi işləri aparılır.

Qeyd edək ki, “Qız qalası”ndan təxminən 2,5 kilometr məsafədə qədim Azərbaycan dövləti – Qafqaz Albaniyası dövrünə aid “Mahrasa” (“mah” həm qədim türkcə, həm də farsca “ay” deməkdir) məbədi yerləşir. Abidənin eramızın IV-V əsrlərində tikildiyi ehtimal edilir.