Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyinin sifarişi və dəstəyi, Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyi və Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının (AYSF) tərəfdaşlığı ilə “Qlobal Kommunikasiyalar və İnnovasiyalar” şirkəti tərəfindən 14-15 iyul tarixlərində “İrsin idarəedilməsi bacarıqlarının inkişafı” təlim proqramı çərçivəsində növbəti treninq keçirilib.

Sözügedən proqram üzrə sayca üçüncü təlim kursu UNESCO-nun “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında” 2005-ci il Konvensiyasına həsr olunub. 

Treninqin ikinci günü AYSF İdarə heyətinin sədri, proqramın rəhbəri Vasif Eyvazzadə mövzular və məruzə edəcək qonaqlar barədə məlumat verib.

Türkiyənin Ənənəvi İncəsənət Dərnəyinin (Geleneksel Sanatlar Derneği) rəhbəri Ahmet Akcan fəaliyyət istiqamətləri, həyata keçirdikləri layihələr, tərəfdaşlar, beynəlxalq səviyyədə icra olunan təşəbbüslər barədə iştirakçıları məlumatlandırıb. Məruzəçi Türkiyədə mədəniyyət sahəsində idarəetmədə dövlət-özəl, dövlət-vətəndaş cəmiyyəti tərəfdaşlığı nümunələrindən, ənənəvi sənətlərin qorunması və inkişafında aktiv fəaliyyət göstərən fond, dərnək, vətəndaş cəmiyyəti və üst qurum təşkilatlarının fəaliyyətindən bəhs edib, bu istiqamətdə Türkiyə-Azərbaycan əməkdaşlığının əhəmiyyətini qeyd edib.

ADA Universitetinin müəllimi Lalə Kişiyeva yaradıcı sənayenin əsas anlayışları, tarixi inkişaf mərhələləri, qlobal kontekstdə statistik rəqəmləri təqdim edib. O, əsas təməli insan yaradıcı düşüncəsinə dayanan bu sənaye növünün yeni rəqəmsal dövrdə açdığı imkanlardan danışıb. İnteraktiv sual-cavab şəklində aparılan sessiyada iştirakçıların fəaliyyət sahələrində tətbiq edilən rəqəmsal texnologiyalar haqqında fikir mübadiləsi aparılıb və real keyslərin üstünlükləri müzakirə edilib. Təqdimatda həmçinin blokçeyn texnologiyalarından yaradıcı sənaye məhsullarının dayanıqlı marketinqi və monetizasiyası üçün əsas vacib tətbiq istiqamətləri və tələbləri izah edilib.

Tədbirdə fərqli ölkələrdən mədəni fəaliyyət sahələrində uğurlu layihələrdən də bəhs edilib. Kreativ sahibkar kimi dəvət edilmiş “Ninka Cards&Gifts” şirkətinin rəhbəri Nərgiz İbrahimova təlim iştirakçıları ilə öz uğur hekayəsini bölüşüb.

“Arts Council” Azərbaycan təşkilatının rəhbəri Dadaş Məmmədov milli mədəni irsin və sənət ənənələrinin xarici ölkələrdə təbliğinə dair reallaşdırılan təşəbbüslər haqqında ətraflı məlumat verib.

Mədəniyyət və incəsənət sahəsi üzrə beynəlxalq ekspert Cahangir Səlimxanov mədəni layihələrin ərsəyə gəlməsində kreativ yanaşmalar, həllər, innovasiyalar mövzusunda təqdimatında müxtəlif layihə və proqramlar üzərindən kreativ metodika, uzlaşdırma qabiliyyətləri, kreativ eksperimentlərindən danışıb.

Mədəniyyət Nazirliyinin Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Ramil Abbəkirov nazirliyin yaradıcı sənayelərin inkişafı sahəsində strateji fəaliyyət istiqamətləri və Milli Prioritetlər çərçivəsində nəzərdə tutulan fəaliyyətlər barədə təqdimat edib.

Təlim kursunda Mədəniyyət Nazirliyi və onun tabeliyində fəaliyyət göstərən müəssisələrin, Dövlət Turizm Agentliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Şuşa Şəhəri Dövlət Qoruq İdarəsi, AMEA-nın müvafiq institutları, Mədəniyyət və İncəsənət Universiteti, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və digər qurumların, yaradıcı təşkilatların nümayəndələri iştirak ediblər. Kursun sonunda iştirakçılara sertifikatlar təqdim edilib.

Xatırladaq ki, “İrsin idarəedilməsi bacarıqlarının inkişafı” proqramı üzrə iyun ayında keçirilmiş iki təlim kursu UNESCO-nun “Dünya mədəni və təbii irsinin qorunması haqqında” 1972-ci il Konvensiyasına və “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında” 1954-cü il tarixli Haaqa Konvensiyasına həsr olunmuşdu.