Teatr, kino və xoreoqrafiya istiqaməti üzrə 1200-dən çox abituriyent xüsusi qabiliyyət imtahanlarında iştirak üçün qeydiyyatdan keçib. Bu istiqamət üzrə xüsusi qabiliyyət imtahanları iyulun 8-dən etibarən keçirilir. İmtahanların avqustun 1-dək davam etməsi nəzərdə tutulub. Artıq 3 ildir ki, bu istiqamət üzrə imtahanlar həm ənənəvi, həm də onlayn formada təşkil olunur. Bakıda və Naxçıvanda təşkil edilən imtahanlarda indiyədək 700-ə yaxın abituriyent iştirak edib. Abituriyentlər imtahan tarixi və yeri barədə məlumatla qabiliyyət imtahanına buraxılış vərəqələrində tanış olurlar.

Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, buraxılış vərəqələrinin çap edilməsi barədə məlumat imtahana azı 3 gün qalmış DİM-in internet saytında yerləşdirilir. İmtahanın nəticələri 3 gün ərzində elan olunur və DİM-in saytına – hər bir imtahan iştirakçısının özünə aid səhifəsinə yerləşdirilir. Abituriyentlərin öz şəxsi səhifələrində proqram formaları yerləşdirilib. Qabiliyyət imtahanına buraxılış vərəqəsini çap edən zaman abituriyent ixtisasına uyğun olan proqram formasını da çap etməli, ifa edəcəyi proqramı həmin formaya yazmalı və qabiliyyət imtahanına gələrkən komissiyaya təqdim etməlidir.

Xoreoqrafiya sənəti və rəqs müəllimliyi ixtisasları üzrə qabiliyyət imtahanına gələrkən hər bir abituriyent komissiyaya çəkisi, boyu, onurğa sütunu, ürəyi, görmə qabiliyyəti haqqında tibbi arayış da təqdim etməlidir.

Abituriyentlərin fiziki göstəriciləri və sağlamlıqları barədə qoyulan konkret tələblər: boy və çəkisi bir-biri ilə uyğunluq təşkil etməlidir; abituriyentin bədən skeleti və əzələlərinin quruluşu, sinir sisteminin vəziyyəti, ürəyin, ağciyərin, görmə və eşitmə orqanlarının vəziyyəti norma və tələblərə uyğun olmalıdır; sinə və çiyin bıçaqlarının asimmetriyası, geniş və qısa bədən quruluşu, bədən hissəsinin əyriliyi yolverilməzdir.

Bundan əlavə, xoreoqrafiya sənəti və rəqs müəllimliyi ixtisasları üzrə qabiliyyət imtahanına gələrkən abituriyent özü ilə rəqs paltarı gətirməlidir. Qabiliyyət imtahanına gecikən abituriyentlər imtahana buraxılmır və imtahanın təkrar keçirilməsi ilə bağlı müraciətlərə baxılmır.