Şöhrəti dünyanı dolaşan bəstəkarın adı ölkəmizdə bədii kollektiv, mədəniyyət və təhsil müəssisələrində yaşadılır

 

Məlum olduğu kimi, bu il görkəmli bəstəkar, ictimai xadim, SSRİ və Azərbaycanın Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı Fikrət Əmirovun (1922-1984) anadan olmasının 100 illiyi qeyd edilir. 15 mart 2022-ci il tarixdə Prezident İlham Əliyev dahi bəstəkarın 100 illiyinin qeyd olunması haqqında sərəncam imzalayıb.

Azərbaycan bəstəkarlıq məktəbinin böyük nümayəndəsi, simfonik muğam janrının banisi olan Fikrət Əmirov rəngarəng yaradıcılıq palitrasına malik qüdrətli sənətkar kimi musiqi mədəniyyətimizin inkişafına mühüm töhfələr bəxş edib.

Dünya şöhrətli musiqi xadiminin xatirəsi əbədiləşdirilib, ölkəmizdə sənətkarın adını daşıyan mədəniyyət ocaqları, ansambl, küçə, park və s. var. Bu yazıda onlardan bir neçəsi haqqında söz açacağıq.

 

Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı

 

Otuz ildir dahi bəstəkarın adını daşıyan ansamblın zəngin sənət yolu var. Ansambl 1938-ci ildə Azərbaycan klassik musiqisinin banisi Üzeyir Hacıbəyli tərəfindən yaradılıb. Müxtəlif dövrlərdə kollektivə Üzeyir bəylə yanaşı, tanınmış bəstəkarlardan Səid Rüstəmov, Cahangir Cahangirov, Vasif Adıgözəlov, Hacı Xanməmmədov, Telman Hacıyev və Ramiz Mirişli rəhbərlik edib. Ansamblın xoreoqrafiya qrupunda Əminə Dilbazi, Tutu Həmidova, Böyükağa Məmmədov, Roza Cəlilova, Aliyə Ramazanova, Afaq Məlikova, Kamil Dadaşov, Əlikram Aslanov, Nadir Məmmədov və başqa görkəmli rəqs ustaları yetişib.

Azərbaycan musiqi və rəqs sənətinin təbliğində müstəsna xidmətlərinə görə ansambl 13 iyul 1958-ci ildə “Əməkdar kollektiv” fəxri adına layiq görülüb. 1992-ci ildə kollektivə Fikrət Əmirovun adı verilib.

2000-ci ilin yanvar ayından ansamblın nəzdində Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri fəaliyyət göstərir. Repertuarını Azərbaycan və dünya xalqlarının mahnı və rəqsləri, xor əsərləri təşkil edən ansamblın bədii rəhbəri və dirijoru Xalq artisti Ağaverdi Paşayevdir.

 

Bakıda incəsənət məktəbi

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən 6 nömrəli onbirillik İncəsənət məktəbi Fikrət Əmirovun adını daşıyır. 1962-ci ildə əsası qoyulan təhsil ocağında balaban, fleyta, zərb alətləri, qanun, gitara, qoboy, valtorn kimi alətlər tədris olunub. 1999-cu ildən isə məktəbdə rəssamlıq və xoreoqrafiya şöbələri yaradılıb.

Məktəbdə Xalq artistləri Əlibaba Məmmədov, Məmmədbağır Bağırzadə, Ağaxan Abdullayev, Ramiz Quliyev, Əməkdar artistlər Kamil Dadaşov, Zemfira Həsənova, Vaqif Məstanov, professorlar Fəttah Xalıqzadə, Kəmalə Neymanova və başqaları şagirdlərə müxtəlif istiqamətlər üzrə dərs deyiblər. Xalq artistləri Sərdar Fərəcov, Səməd Şükürov, Möhlət Müslümov kimi incəsənət xadimləri isə bu təhsil ocağında oxuyub, həm də dərs deyiblər. Məktəbin şagirdləri 10-dan çox ölkədə keçirilən müxtəlif beynəlxalq müsabiqələrdə iştirak edərək uğurlara imza atıblar.

Bu il 60 illiyi qeyd edilən məktəbin direktoru bəstəkar, Əməkdar müəllim, professor Adilə Yusifovadır.

 

Gəncə Dövlət Filarmoniyası

 

Gəncədə filarmoniya 1935-ci ildə Ü.Hacıbəylinin təşəbbüsü ilə yaradılıb. 1949-cu ildə fəaliyyətini dayandıran filarmoniya, 1990-cı ildə yenidən işini bərpa edib. Elə həmin ildə filarmoniyaya Fikrət Əmirovun adı verilib.

2017-ci il noyabrın 10-da Prezident İlham Əliyevin iştirakı ilə filarmoniyanın yeni binasının açılış mərasimi olub. Altı mərtəbədən ibarət olan bina Şərq memarlığının ən dəyərli elementlərini özündə qorumaqla, müasir beynəlxalq standartlara uyğun inşa edilib. Binanın fasadını Azərbaycan mədəniyyətinin tanınmış simalarının heykəlləri bəzəyir. Filarmoniyanın solistləri həm Gəncəni, həm də ölkəmizi bir sıra beynəlxalq festival və konsertlərdə uğurla təmsil edirlər.

Hazırda filarmoniyanın tərkibində “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblı, Xalq çalğı alətləri orkestri və Kamera orkestri fəaliyyət göstərir. Bu kollektivlərin repertuarında həm Azərbaycan xalq və klassik musiqisinin, həm də Avropa və dünya xalqları musiqi və rəqslərinin inciləri yer alır. Gəncə Dövlət Filarmoniyasının direktor əvəzi Elçin Əliyevdir.

 

Musiqi məktəbləri

 

Unudulmaz bəstəkarın adı Gəncədə daha bir ünvanda yaşadılır. Gəncə Regional Mədəniyyət İdarəsinin (RMİ) tabeliyində fəaliyyət göstərən Gəncə şəhər 1 nömrəli Uşaq musiqi məktəbi F.Əmirovun adını daşıyır. Məktəb 1923-cü ildə F.Əmirovun atası, bəstəkar, tarzən Məşədi Cəmil Əmirovun səyi, Üzeyir Hacıbəyli və Bülbülün köməkliyi ilə yaradılıb.

1987-ci ildən görkəmli bəstəkarın adı verilən təhsil ocağında hazırda 12 ixtisas üzrə (fortepiano, violin, violonçel, tar, kamança, qarmon, truba, nağara, saz, qanun, xanəndəlik, vokal) tədris aparılır. Məktəbin direktoru Aidə Əmrahovadır.

Qeyd edək ki, görkəmli incəsənət xadimlərimizin bir çoxu ilk musiqi təhsilini bu məktəbdə alıb. Bunlardan Fikrət Əmirov, Qəmbər Hüseynli, Nəriman Əzimov, Zərif Qayıbov, Telman Hacıyev, Azad Əliyev və s. başqalarının adını çəkə bilərik.

***

Fikrət Əmirovun adı Sumqayıtda da əbədiləşdirilib. Sumqayıt RMİ-nin tabeliyindəki Sumqayıt şəhər 5 nömrəli Uşaq musiqi məktəbi 1991-ci ildən fəaliyyət göstərir. 1992-ci ildə təhsil ocağına bəstəkarın adı verilib.

Məktəbdə 11 ixtisas üzrə (fortepiano, violin, tar, kamança, saz, qarmon, klarnet, nağara, xanəndə, kanon, balaban) 450-dən çox şagird təhsil alır. Məktəbə Əməkdar mədəniyyət işçisi Vaqif Süleymanov rəhbərlik edir.

***

2018-ci ildə Xəzər Universitetində Konfrans-konsert mərkəzinə də Fikrət Əmirovun adı verilib.

İnanırıq ki, əsərlərinin şöhrəti dünyanı dolaşan dahi musiqiçinin adı bundan sonra da yeni-yeni ünvanlarda yaşadılacaq. 

Nurəddin Məmmədli