Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu keçirilir, sakinlərin müxtəlif məsələlərlə bağlı müraciətlərinin həlli ilə əlaqədar müvafiq addımlar atılır.

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov iyulun 21-də Qəbələ Rayon Mədəniyyət Mərkəzində Qəbələ və Oğuz sakinləri, eləcə də digər rayonlardan qəbula gələn vətəndaşlarla görüşüb.

Əvvəlcə mədəniyyət naziri Anar Kərimov və rayonun icra başçısı Səbuhi Abdullayev Qəbələ şəhərində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.

Sonra Anar Kərimov Qəbələ Rayon Mədəniyyət Mərkəzinin fəaliyyəti ilə tanış olub. Nazirə məlumat verilib ki, müəssisə 1958-ci ildən mədəniyyət evi, 2013-cü ildən mədəniyyət mərkəzi olaraq fəaliyyət göstərir. Nazir mədəniyyət mərkəzinin birinci mərtəbəsində yerləşən Qəbələ Dövlət Rəsm Qalereyasına baxış keçirib. Bildirilib ki, 2006-cı ildən fəaliyyət göstərən qalereyanın fonduna ümumilikdə 224 əsər daxildir.

Daha sonra Qəbələ Rayon Mədəniyyət Mərkəzində nazirliyin məsul əməkdaşlarının da iştirakı ilə vətəndaşların qəbulu keçirilib.

Qəbula gələn sakinlərin müraciətləri işlə təmin olunma, əməyin qiymətləndirilməsi, kitab nəşrinə köməklik göstərilməsi, iş yerinin dəyişdirilməsi, şəhid adının əbədiləşdirilməsi, dini məkanın bərpası və digər məsələləri əhatə edib.

Anar Kərimov vətəndaşların ayrı-ayrı məsələlərlə bağlı müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb. Qaldırılan məsələlərin operativ, hərtərəfli araşdırılması və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verilib.