Media Reyestrinə hazırlığın ilkin mərhələsi artıq başa çatıb və işçi qaydada müvafiq orqanlarla müzakirə olunur. Düşünürük ki, müəyyən olunmuş müddətdə onun həyata keçirilməsinə nail olacağıq.

Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov bu barədə AZƏRTAC-a müsahibəsində deyib.

İcraçı direktor qeyd edib ki, Media Reyestri Azərbaycanda media mühitinin sağlamlaşdırılmasına, onun rəqabət qabiliyyətinin artırılmasına şərait yaradan vasitələrdən biridir. Reyestrin məqsədi media subyektlərinin sayının müəyyənləşdirilməsi, bununla da media subyektlərinə və onların işçilərinə tanınan hüquqların müdafiəsi mexanizminin formalaşdırılması, bu sahədə fəaliyyətin stimullaşdırılmasıdır.

Onun sözlərinə görə, reyestrə daxil edilmək üçün tələb olunan məlumatlar mahiyyət etibarilə mətbu nəşrlərin uçotu zamanı tələb olunan məlumatlardır, sadəcə, müasir dövrün çağırışlarına uyğunlaşdırılb. Onsuz da bu məlumatlar və sənədlər media subyektlərində mövcuddur, reyestr, sadəcə, onları vahid bazada toplayacaq və pərakəndəliyin qarşısını alacaq.

“Tələb olunan rəsmi məlumatın toplanmasında məqsəd həm media subyektlərinin, həm də jurnalistlərin fəaliyyətinin daha səmərəli təşkilini və onların hüquqlarının ən yüksək səviyyədə müdafiəsinin təmin edilməsi, heç bir qanuni əsası olmadan özünü media subyekti və ya jurnalist kimi təqdim edən və qeyd olunan statusdan sui-istifadə edən şəxslərin fəaliyyətinin qarşısının alınmasıdır. Reyestrin aparılması nəticəsində keyfiyyətli xəbər istehsalını dəstəkləmək, bu sahədə stimullaşdırıcı tədbirləri həyata keçirmək mümkün olacaq. Beləliklə, yaranacaq mühit rəqabət şəraitində peşəkar medianın önə çıxmasını və inkişafını təmin edəcək”, - deyə Əhməd İsmayılov vurğulayıb.

***

Onu da qeyd edək ki, Milli Mətbuat Günü ərəfəsində Medianın İnkişafı Agentliyi tərəfindən keçirilən növbəti fərdi jurnalist müsabiqəsinin nəticələri də açıqlanıb. Müsabiqəyə çap və onlayn media üzrə səkkiz, televiziyalar üzrə beş nominasiyada materiallar qəbul olunub. Çap və onlayn media üzrə hər nominasiyada 5, TV reportajları üzrə hər nominasiyada 2 qalib elan olunub. Qaliblər sırasında qəzetimizin əməkdaşı  Həmidə Nizamiqızı (“Ən yaxşı mədəniyyət materialı” nominasiyası) da var.