Görkəmli türk şairinin 120 illiyinə həsr olunan Respublika elmi konfransı keçiriləcək

Bu il XX əsr Türkiyə ədəbiyyatının tanınan nümayəndəsi, şair, yazıçı, rəssam, ssenarist və dramaturq, ictimai xadim, Beynəlxalq Sülh Mükafatı laureatı Nazim Hikmətin (1902-1963) anadan olmasının 120 illik yubileyidir.

Azərbaycan ədəbiyyat və mədəniyyətini sevən ədib dəfələrlə Bakıya gəlib, şair və yazıçılarımızın bir çoxu ilə dost olub, yaradıcılıq əlaqə saxlayıb. Əsərləri ölkəmizdə dəfələrlə nəşr olunub, pyesləri tamaşaya qoyulub. SSRİ Xalq artisti Arif Məlikov şairin "Məhəbbət əfsanəsi" pyesi əsasında eyniadlı balet yazıb.

Noyabr ayında AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində şairin 120 illik yubileyinə həsr olunmuş “Dünyadan keçən Nazim və Nazimdən keçən dünya” mövzusunda Respublika elmi konfransı keçiriləcək.

Konfrans “Nazim Hikmət yaradıcılığı və incəsənət”, “Nazim Hikmət və Azərbaycan ədəbiyyatı”, “Nazim Hikmətşünaslıq: Türkiyədə, Azərbaycanda, dünyada”, “Nazim Hikmət şeiri və poetika məsələləri” bölmələri üzrə təşkil olunacaq.

Elmi konfransa məqalələr oktyabrın 15-dək qəbul edilir.