Avqustun 2-si ölkəmizdə Milli Kino Günü – kino işçilərinin peşə bayramıdır. Hər il əlamətdar günlə bağlı film təqdimatları, sərgilər və s. tədbirlər təşkil olunur.

Avqustun 1-də Azərbaycan Dövlət Film Fondunun həyətində Milli Kino Günü münasibətilə sərgi keçiriləcək. Sərgi Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyası və Dövlət Film Fondunun birgə təşkilatçılığı ilə reallaşacaq.

Sərgidə kinomuzun səssiz mərhələsindən başlamış sovetlər dönəmi bitənə qədər film çəkilişlərində istifadə edilmiş texnika və avadanlıqlar nümayiş olunacaq. Təqdim ediləcək eksponatlar “Azərbaycanfilm” və Film Fondunda qorunan avadanlıqlardır.

Azərbaycan kinosunun tarixini əks etdirən fotolar və sovet dövrü filmlərimizin afişalarının yer alacağı sərgi ziyarətçiləri keçmişə səyahətə aparacaq.

Lalə Azəri