Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev bu günlərdə 65 yaşını qeyd edən Xalq artisti, Azərbaycan Dövlət Pantomima Teatrının baş rejissoru Bəxtiyar Xanızadə ilə görüşüb.

Elnur Əliyev sənətkara mədəniyyət naziri Anar Kərimovun təbrik məktubunu təqdim edib, ona uzun ömür və yeni yaradıcılıq uğurları arzulayıb. Bildirib ki, Mədəniyyət Nazirliyi Azərbaycan Dövlət Pantomima Teatrının fəaliyyətini yüksək qiymətləndirir və daim diqqət mərkəzində saxlayır. Elnur Əliyev onu da vurğulayıb ki, Azərbaycan teatr şəbəkəsində məxsusi yeri olan Pantomima Teatrının gələcəkdə fəaliyyətini uğurla davam etdirməsi üçün nazirlik dəstək verməyə hazırdır.

Bəxtiyar Oqtay oğlu Xanızadə 13 iyul 1957-ci ildə Bakının Şağan kəndində doğulub. Azərbaycanda Pantomima Teatrının (1994) yaradıcısı, bir sıra səhnə əsərlərinin, aktyorluq sənətinin plastikasına dair elmi əsərlərin müəllifidir. Kinoda (“Qərib cinlər diyarında”, “Ovsunçu”, “Cavid ömrü” və s.) yaddaqalan obrazlar yaradıb.

Bəxtiyar Xanızadə Azərbaycan Dövlət İncəsənət İnstitutunu (indiki ADMİU) bitirib, Sankt-Peterburq Dövlət Teatr, Musiqi və Kinematoqrafiya Akademiyasında səhnə hərəkəti üzrə aspirantura təhsili alıb. 1978-ci ildə Gəncə Dövlət Dram Teatrında, 1981–1982-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun Tədris teatrında, 1982-1983-cü illərdə “Azərbaycanfilm” kinostudiyasında aktyor, 1983-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunda müəllim kimi fəaliyyət göstərib. 1994-cü ildən dərs dediyi bir qrup tələbə ilə birlikdə yaratdığı “Dəli yığıncağı” adlı ilk pantomima teatr studiyası daha sonra dövlət teatrı statusu alıb.

2000-ci ildə respublikanın “Əməkdar incəsənət xadimi”, 2013-cü ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb. 2019-cu ildən Prezident təqaüdçüsüdür.