Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə iyulun 22-də Şuşada Milli Mətbuat Günü münasibətilə “Mediada qlobal trendlər, yeni çağırışlar” mövzusunda Beynəlxalq Media Forumu keçirilib.

Forumda Azərbaycanın media nümayəndələri, ekspertləri və rəsmilər şəxslərlə yanaşı, 20-dək ölkədən media təmsilçiləri iştirak ediblər.

Forumda ilk çıxış edən Prezidentin köməkçisi – Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 iyul – Milli Mətbuat Günü münasibətilə ölkəmizin media nümayəndələrinə müraciətini oxuyub.

Azərbaycan mətbuatının 147 illiyi münasibətilə hazırlanmış videoçarx nümayiş olunub.

Daha sonra çıxış edən Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarov deyib ki, bu gün Şuşada təşkil olunan forum gələcəkdə belə beynəlxalq tədbirlərin keçirilməsi üçün möhkəm zəmin yaradacaq. Biz informasiyanın yaradılması, ötürülməsi, cəmiyyətə çatdırılması üzrə texnologiyaların sürətlə dəyişdiyi bir dövrdə yaşayırıq. Bu səbəbdən media sahəsi üzrə peşəkarlar arasında daimi qarşılıqlı təcrübə mübadiləsi aparılmalıdır.

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov çıxışında bildirib ki, 147 illiyini qeyd etdiyimiz Azərbaycan milli mətbuatı böyük və şərəfli inkişaf yolu keçib, bütün dövrlərdə qabaqcıl ictimai ideyaların carçısı olub. Tarixinin bütün mərhələlərində Azərbaycan mediası öz mütərəqqi ənənələrini formalaşdırıb, cəmiyyət qarşısında üzərinə götürdüyü missiyanı layiqincə yerinə yetirib. Vurğulanıb ki, ötən əsrin 90-cı illərinin ikinci yarısından başlayaraq ulu öndər Heydər Əliyevin siyasi iradəsi nəticəsində müstəqil Azərbaycanda plüralizmi, söz və məlumat azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırılıb və bunun parlaq nümunəsi 1998-ci ildə senzuranın ləğv edilməsi olub.

“Bu gün Azərbaycanın media ictimaiyyəti növbəti tarixi hadisəyə şahidlik edir. “Mediada qlobal trendlər, yeni çağırışlar” Beynəlxalq Media Forumunun Azərbaycanın mədəniyyət paytaxtı, ölkəmizin tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olan Şuşada keçirilməsindən ikiqat qürur və fəxarət hissi duyuruq”, - deyə Əhməd İsmayılov qeyd edib.

Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev diqqətə çatdırıb ki, 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbə ilə bölgəmizdə yeni reallıq yaranıb. R.Hacıyev deyib ki, yaxın günlərdə Qarabağ Dirçəliş Fondunun maliyyə göstəriciləri ictimaiyyətə təqdim olunacaq. Onun sözlərinə görə, Fonda minlərlə həmvətənimiz, bir çox şirkətlər ianələr edib.

Fond artıq bir neçə layihəyə maliyyə dəstəyi ayırmağa başlayıb. Bu layihələrin arasında Şuşa şəhərində üç tarixi abidənin bərpası və yenidən qurulması var. Bunlar Heydər Əliyev Fondu tərəfindən bərpa olunan Üzeyir Hacıbəylinin yenidən qurulan heykəli, Xalça Muzeyi və Yaradıcılıq Mərkəzidir. Mədəniyyət Nazirliyi ilə Ağdamdakı İmarət kompleksinin bərpası üzrə konsepsiya hazırlanır. Dövlət Turizm Agentliyi ilə Şahbulaq qalasının bərpası və ətrafında turizm infrastrukturunun yaradılması üzrə müəyyən işlər aparılır. Füzulidə Fondun birbaşa icra etdiyi 20 hektar ərazidə müasir “ağıllı” park salınacaq. Zəngilan rayonunda Ekologiya Nazirliyi ilə birlikdə 30 min ağac əkilir.

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov çıxışında qeyd edib ki, idarə media nümayəndələri ilə sıx əlaqələr qurur. Şuşa şəhərindəki dağıntılar, bərpa və yenidənqurma işləri, keçirilən tədbirlər mediada geniş işıqlandırılır və təbliğ edilir.

ADA Universitetinin Kommunikasiya və Rəqəmsal Media Proqramının direktoru Şəfəq Mehrəliyeva bildirib ki, bu il Milli Mətbuat Günündə yaraşan ən gözəl format 147-ci ildönümünün Şuşada keçirilməsidir. O, ADA Universitetində ötən ildən “kommunikasiya və rəqəmsal media” ixtisası üzrə tədrisin başlandığını da diqqətə çatdırıb.

Forum işini panel iclasları ilə davam etdirib.

Birinci panel iclası “Yeni media jurnalistikasına keçid: Konvergensiya və yeni imkanlar” mövzusunda olub.

Paneldə çıxış edən TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman bildirib ki, dünyada yaranan yeni reallıqlar ilk olaraq kütləvi informasiya vasitələrinə təsir edib. Hazırda rəqəmsal informasiya vasitələrindən əldə olunan gəlirlər ənənəvi medianı üstələyir. Müasir dövrdə insanların 60 faizi xəbərləri sırf internet vasitəsilə oxuyurlar. Qeyd edib ki, sosial şəbəkələrdə anonimlik və bəzi məsuliyyətsiz davranışlar bəzən ciddi fəsadlara səbəb olur. Azərbaycan da dezinformasiya hücumlarına məruz qalan ölkə kimi bununla mübarizə aparır. Bu müharibədə ən böyük silah isə dəqiq, yoxlanılmış məlumatlardır.

“Əl-Cəzirə” Media İnstitutunun təlimlər üzrə meneceri Muhəmməd Talal Əbdülkərim deyib ki, medianın hamı tərəfindən güvənilən struktur olması üçün çalışmaq vacibdir. Kütləvi informasiya vasitələrinin üzərilərinə düşən vəzifə isə etibarlı məlumatları çatdırmaqdır.

Bolqarıstanın “BTA” İnformasiya Agentliyinin informasiya siyasəti üzrə baş direktorun müavini Evgenia Doitcheva Droumeva diqqətə çatdırıb ki, müasir dövrdə sosial şəbəkələrdən düzgün istifadə xəbərlərin daha böyük auditoriyaya yayılması üçün ən vacib şərtlərdən biridir.

İkinci panel iclası “Media etikası: Rəqəmsal mühitdə jurnalistlərin peşə davranışı” mövzusuna həsr olunub.

İclasda Avropa Xəbər Agentlikləri Alyansının baş katibi Aleksandru Giboi , Anadolu Agentliyinin baş direktorunun müavini Yusuf Özhan, başqaları çıxış ediblər.

Forumun “Azərbaycan mətbuatında Şuşa izi” adlı üçüncü panel iclasında çıxış edənlər Şuşanın milli ideologiyadakı önəmindən, Şuşa ziyalılarının Azərbaycan cəmiyyətindəki böyük rolundan, Azərbaycan və dünya media nümayəndələrinin Şuşada bir araya gəlməsinin önəmindən söz açıblar.

Dördüncü panel “Azərbaycan mediasının beynəlxalq əməkdaşlıq perspektivləri” mövzusuna həsr olunub. Paneldə AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov, Türk Dövlətləri Təşkilatının layihə direktoru Ersin Aydoğan, Özbəkistan Respublikası Prezidentinin Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiyalar Agentliyinin direktorunun birinci müavini Dilşod Saidjonov, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) Beynəlxalq əlaqələr və strateji planlaşdırma üzrə işçi qrupunun rəhbəri Rasim Bağırov, CBC TV-nin baş direktoru Vüqar Xəlilov çıxış ediblər.

Bununla da forum işini başa vurub.

Beynəlxalq Media Forumunun iştirakçıları Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın görməli yerləri ilə tanış olub, Şuşa qala divarları önündə xatirə fotosu çəkdiriblər.