Avqustun 12-dən 19-dək keçiriləcək növbəti Sarayevo Film Festivalının müsabiqə proqramında azərbaycanlı jurnalist Aynur Elgünəşin rejissor kimi ilk işi olan “Çinar ağacının kölgəsində” (“Shadowed by the plane tree”) adlı sənədli filmi də təqdim olunacaq.

Bu barədə məlumat verən Aynur Elgünəş deyib ki, həyatının 10-cu və ən ağır əməliyyatından çıxan günün sabahı Sarayevo Film Festivalından elektron məktub alıb. Festival təşkilatçıları onu və filmin prodüseri Durna Səfərovanı Sarayevoya dəvət ediblər. “Çətin anlarda işarətlərə inanan adamam, ona görə də indi ağrılar içində sevinməyin nə demək olduğunu izah etməkdə acizəm” – deyə Aynur Elgünəş bildirib.

“Çinar ağacının kölgəsində” qısametrajlı hibrid sənədli film rejissorun şəxsi hekayəsidir. Müəllif yeniyetməlik illərində köçkün düşdüyü Ağdam şəhərinə 28 il sonra jurnalist kimi qayıdır, film boyu Ağdam küçələrində uşaqlığının izlərini axtarır, eləcə də dağıntılar altında qalmış xatirələrinə səyahət edir. On səkkiz dəqiqəlik filmin prodüseri Durna Səfərova, operator və montajçısı Mətləb Muxtarovdur.