“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi qoruq ərazisində aparılan monitorinqlər zamanı xoşagəlməz halların aşkar olunması ilə bağlı ictimaiyyətə müraciət edib.

Müraciətdə qeyd olunur ki, İçərişəhər Bakının və bütövlükdə ölkəmizin ən dəyərli incisi, eyni zamanda tarixi memarlıq abidələrinin mühafizə olunduğu qoruqdur. Bura müxtəlif mədəniyyətlərin, dini inancların, təzadların ahəngdarlıqla qovuşaraq mükəmməl harmoniya yaratdığı məkan olmaqla yanaşı qədim tarixə və zəngin mədəniyyətə malik Azərbaycan xalqının milli sərvətidir.

Ölkəmizin orta əsrlərdə yüksək inkişaf etmiş şəhərsalma sənətinin misilsiz yadigarı olan bu unikal məkanlardakı dünya, ölkə və yerli əhəmiyyətli memarlıq və tarixi abidələr Azərbaycan memarlığının parlaq nümunələridir və Azərbaycan Respublikası Konstitusiyasının 77-ci maddəsinə görə bu abidələri qorumaq hər bir şəxsin borcudur. Əsrlərin sınağından keçmiş mədəni irsimizin bu günədək qorunub saxlanılması dövlətin siyasəti, cəmiyyətin mədəni irsimizə münasibəti və hər bir fərdin məsuliyyəti sayəsində baş verib.

“Lakin təəssüflə qeyd etməliyik ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən aparılan monitorinq zamanı bəzən xoşagəlməz hallar müəyyən olunur. Tarixi abidələrin bədii-estetik görünüşünü pozan vandalizm aktları ilə bağlı daima hüquq mühafizə orqanları ilə əməkdaşlıq edilir. Hüquq mühafizə orqanları ilə bu sahədə edilən əməkdaşlıq hər zaman öz töhfəsini verir.

Məlumat üçün bildiririk ki, tarixi abidələrə qarşı yol verilən hüquqazidd əməllər məsuliyyət yaradır və Azərbaycan Respublikası İnzibati Xətalar məcəlləsinə, eyni zamanda, Cinayət məcəlləsinə əsasən məsuliyyətə cəlb olunmağa əsasdır. Lakin zərər vuraraq cəza almaqdan fərqli olaraq mədəni irsimizə hörmətlə yanaşıb onu qorumaq hər bir vətəndaşın məsuliyyəti və borcudur.

Hörmətli həmvətənlər, tarixi-mədəni abidələrin qorunması hər bir kəsdən asılıdır! Mədəni irsi gələcək nəsil üçün qorumaq hər birimizin mənəvi borcu və məsuliyyətidir. Tariximizi birlikdə qoruyaq!”, – deyə idarənin ictimaiyyətə müraciətində bildirilir.