İyulun 21-dən 24-dək Türkiyənin Malatya şəhərində 25-ci Ərik Festivalı çərçivəsində silsilə mədəniyyət və incəsənət tədbirləri keçirilib. Ənənəvi festival Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, Malatya Valiliyi və Malatya Böyükşəhər Bələdiyyəsi tərəfindən təşkil edilib.

Bu il TÜRKSOY-un təşkilatçılığı ilə festivala Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistandan bədii kollektivlər də olmaqla 250-yə yaxın sənətçi qatılıb. Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini və Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım fəxri qonaq qismində tədbirdə iştirak edib.

Malatyaya səfər edən TÜRKSOY-un Baş katibi Sultan Raev Malatya İnönü Universitetinin rektoru Əhməd Kızılay, Malatya Böyükşəhər Bələdiyyə başqanı Səlahəddin Gürkan və Malatya valisi Hulusi Şahinlə görüşüb. Görüşlərdə Sultan Raevi festivala qatılan Türk dünyası sənətçiləri müşayiət ediblər.

Festivalda Azərbaycanı Türkiyədə fəaliyyət göstərən həmvətənimiz, jurnalist, sənətçi Səidə Ömər təmsil edib.

Festivala TÜRKSOY tərəfindən dəvət olunan soydaşımız artıq neçə illərdir qardaş ölkədə düzənlənən mədəniyyət-sənət tədbirlərində Azərbaycanı təmsil etdiyi üçün qürur hissi keçirdiyini bildirib. O, festivalın yüksək səviyyədə təşkil edildiyini deyib: “Tədbirin ilk günü TÜRKSOY-un Baş katibi Sultan Raevin rəhbərliyi ilə Malatya valisi Hulusi Şahinlə görüşdük. Görüşdə Qazaxıstan, Qırğızıstan və Özbəkistandan olan nümayəndələr də iştirak edirdilər. Görüş zamanı Azərbaycanın 44 günlük Vətən müharibəsi dövründə yazdığı qəhrəmanlıq dastanı haqqında da söz açıldı. Bu Zəfərin bütün Türk dünyasının qələbəsi olduğu bir daha vurğulandı”.

Qeyd edək ki, Səidə Ömərin festivalda ifa etdiyi “Sarı gəlin” rəqs kompozisiyası böyük rəğbətlə qarşılanıb.

Mehparə Sultanova
Ankara