M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası tərəfindən ədəbiyyatımızın görkəmli nümayəndəsi, Xalq yazıçısı, filologiya elmləri doktoru Əzizə Cəfərzadənin (1921-2003) anadan olmasının 100 illiyi münasibətilə tərtib edilən biblioqrafiya çapdan çıxıb.

Kitabxanadan bildirilib ki, “Əzizə Cəfərzadə” biblioqrafiyasında  yazıçının həyat və yaradıcılığının əsas tarixləri, elmi və ədəbi fəaliyyətinin məhsulu olan əsərləri, tərtib etdiyi, redaktoru olduğu, ön söz yazdığı kitablar, rəhbəri və məsləhətçisi olduğu tədqiqat işləri, həmçinin həyat və yaradıcılığı haqqında 1937-2021-ci illərdə dərc edilmiş materiallar əhatə olunub.

Vəsaitdə həmçinin Azərbaycan elmi və ədəbiyyatı qarşısında böyük xidmətləri olan Əzizə Cəfərzadənin Salman Mümtaz adına Ədəbiyyat və İncəsənət Arxivində və ev arxivində saxlanılan əsərlərinin əlyazmaları, qeyd dəftərləri, gündəlikləri, çıxışlarının mətnləri, fotoşəkillər, rəylər, məktublar, teleqramlar, yazıçı haqqında müxtəlif sənədlər və digər materialların biblioqrafik təsvirləri əks olunub.

Biblioqrafiya ədəbiyyatşünas alimlər, tədqiqatçılar, kitabxanaçı-biblioqraflar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Biblioqrafik göstərici ilə Milli Kitabxananın saytında müvafiq linkdə tanış olmaq olar.

Biblioqrafik göstərici ilə bu linkdə tanış olmaq olar: http://anl.az/down/EzizeCeferzade.pdf