Azərbaycan Dövlət Akademik Musiqili Teatrının əməkdaşları teatrda işıqçı işləmiş Vətən müharibəsi şəhidi Əliağa Məmmədovun doğum günü ərəfəsində məzarını ziyarət ediblər.

Teatrın direktor müavini Vəfa Mühacirova, beynəlxalq əlaqələr üzrə koordinatoru Rəcəb Məmmədov, “Səssiz dünya” Eşitmə və Danışma Məhdudiyyətli Əlillərə və İdmançılara Dəstək İctimai Birliyinin sədri Aida Səfərova və teatrın əməkdaşları şəhidin ailəsinə də baş çəkiblər.

Akademik Musiqili Teatrın "İnklüziv" teatr studiyasının eşitmə və danışma məhdudiyyətli üzvlərinin hazırladığı kompozisiyanın elektron variantı şəhidin ailəsinə təqdim olunub.

Kompozisiya Vətən müharibəsinin qızğın döyüşlərində komandirinin həyatını qurtarmaq üçün canını fəda edən, şəhidlik zirvəsinə ucalan Əliağa Məmmədova və onun timsalında bütün şəhidlərimizə həsr olunub.

Kompozisiya bir neçə ay öncə Musiqili Teatrda QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Eşitmə və nitq məhdudiyyəti olan uşaqlar üçün Zəfər tarixi ilə bağlı mədəni tədbirlərin təşkili" adlı layihə çərçivəsində hazırlanıb.

Əliağa Eldəniz oğlu Məmmədov 2001-ci il iyulun 26-da Bakının Sabunçu rayonunda anadan olub. Vətən müharibəsi başlayanda hərbi xidmətdə olan Əliağa 2020-ci ilin oktyabrın 6-da Tərtər Ağdərə istiqamətində gedən döyüşlərin birində qəhrəmancasına şəhid olub. Sabunçu rayonunun Maştağa qəsəbəsində dəfn edilib.

Vətən müharibəsində vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.