Bu il görkəmli Azərbaycan şairi, tərcüməçi, pedaqoq Əhməd Cavadın (1892-1937) anadan olmasının 130 illiyidir. Prezident İlham Əliyev istiqlal şairinin yubileyinin qeyd olunması ilə əlaqədar sərəncam imzalayıb.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) 2 nömrəli filialı görkəmli Əhməd Cavadın yubileyi ilə əlaqədar videoçarx hazırlayıb.

Baş idarədən bildirilib ki, videoçarxda Ə.Cavadın romantik ruhlu realist şeirlər müəllifi kimi tanındığı qeyd edilir. Diqqətə çatdırılır ki, şairin bədii dili xalq dilinə, koloritinə, aşıq şeiri üslubuna və ənənələrinə əsaslanır. İstiqlal şairi həm də Dövlət himnimizin mətn müəllifidir. Vaxtilə şairin yaradıcılığına yüksək qiymət verən Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadə yazırdı: "Əhməd Cavad daha ziyadə heca vəzni ilə lirik parçalar yazır və bu, lirizmə eyni zamanda milli kolorit qatır...”.

Videoçarxda həmçinin vurğulanır ki, Ə.Cavad 1918-1920-ci illərdə Azərbaycan milli istiqlalının yorulmaz təbliğatçısı olub. Onun poeziyasının əsas qayəsi azadlıq və istiqlalla bağlıdır.