Bakı Şəhər Mədəniyyət Baş İdarəsi (BŞMBİ) Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanası Azərbaycan ədəbiyyatının, ictimai-siyasi, fəlsəfi, etik və ədəbi-tənqidi fikrinin görkəmli nümayəndəsi Mirzə Fətəli Axundzadənin (1812-1878) anadan olmasının 210 illiyi münasibətilə dəyirmi masa təşkil edib.

Dəyirmi masada kitabxananın əməkdaşları və fəal oxucuları Azərbaycan dramaturgiyasının banisi M.F.Axundzadənin 1850-1855-ci illərdə qələmə aldığı altı komediyasının mövzusu ətrafında müzakirələr aparıblar.

Kitabxananın əməkdaşı G.Səfərova oxuculara M.F.Axundzadənin "Aldanmış kəvakib" povesti haqqında ətraflı məlumat verib, əsərin ideya-bədii xüsusiyyətləri haqqında danışıb.

***

BŞMBİ Xəzər rayon MKS-nin 3 nömrəli filialı isə görkəmli şairə Xurşidbanu Natəvanın (1832-1897) 190 illiyinə həsr olunmuş tədbir keçirib.

Tədbirdə şairə Gülarə Munis Xalq qızının həyat və yaradıcılığı haqqında geniş məlumat verib, əsərlərinin bədii məziyyətlərindən bəhs edib. Bildirilib ki, şairənin yubileyinin qeyd olunması haqqında dövlət başçısının sərəncam imzalaması təkcə Natəvanın deyil, bütövlükdə Qarabağ ədəbi mühitinə göstərilən diqqətdir. 

Tədbirin bədii hissəsində şairənin şeirlərindən nümunələr səsləndirilib.