Türkiyənin Alanya bölgəsində qədim Syedra şəhəri yerində aparılan qazıntılar zamanı mifoloji qəhrəman Heraklın (Herkules) 12 missiyasını əks etdirən təxminən 164 kvadratmetrlik mozaikası tapılıb.

Lazımi mühafizə tədbirləri görüldükdən sonra mozaikanın tapıldığını ictimaiyyətlə bölüşməyi məqsədəuyğun saydıqlarını deyən Syedra Qədim Şəhər qazıntı qrupunun rəhbəri Ertuğ Ergürer ərazidəki işlərin davam etdiyini qeyd edib.

“Bu mifoloji sahənin çəkildiyi belə bir mozaikanı daha əvvəl görməmişdik. Fraqmentlər halında mifoloji səhnələrin yer aldığı mozaiklər var, lakin buradakı mozaikada Heraklın bütün igidliklərinin təsvirini görürük. Fiqurların insan ölçülərində hazırlanması buna yeganə nümunədir. Bu mənada bənzərsiz bir mozaika ilə qarşı-qarşıyayıq. Mifoloji səhnələrin yaxşı qorunub saxlanılması isə əsərə xüsusi əhəmiyyət verir”, – deyə E.Ergürer bildirib.