Türkiyənin, o cümlədən dünyanın ən qədim tarixi abidələrindən biri olan Ayasofya məbədi çoxsaylı yerli və xarici turistləri cəlb etməyə davam edir.
Zaman-zaman müxtəlif sivilizasiyaların kəsişdiyi, din və mədəniyyətlərin bir-birini əvəzlədiyi və sonda bir araya gəldiyi İstanbulun ən qədim tikililərindən biri, şəhərin tarixi simvollarından sayılan Ayasofya 1500 illik tarixində pravoslav kilsəsi, katolik kilsəsi, məscid, muzey kimi fəaliyyət göstərmiş, iki il öncə, 2020-ci il iyulun 24-də yenidən ibadətə açılmışdı.
Ayasofya İstanbula gələn turistlərin ilk dayanacaq nöqtəsinə çevrilib. Buraya gələnlərin bir qismi namaz qılarkən, bir qismi də ölçüsü və funksionallığı ilə dünya memarlıq sənətində mühüm yer tutan bu tikili ilə yaxından tanış olur.
Dünyanın hər yerindən gələn qonaqların günü-gündən Ayasofyaya marağının artığın qeyd edən İstanbul müftisinin müavini Ahmet Aktürkoğlu bildirib ki, Ayasofya məscid kimi yenidən fəaliyyətə başlamasının ikinci ildönümündə 6,5 milyondan çox ziyarətçi qəbul edib.
Xatırladaq ki, Ayasofya 1985-ci ildə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib. Məbəd 1934-2020-ci illər arasında muzey olaraq fəaliyyət göstərib.
Dünya memarlıq tarixinin günümüzədək gələn ən görkəmli abidələrindən olan Ayasofya möhtəşəmliyi, ölçüsü (hündürlüyü 56 metr, günbəzin diametri 31 metr) dövrün ən böyük xristian məbədi (Romada Müqəddəs Pyotr kilsəsi inşa edilənədək) olub. Bir sıra təbii fəlakətlərlə də sınanan (984-cü ildə qübbəsi uçmuş, sonra bərpa olunmuşdu) tikili Səlib yürüşlərinin (Roma Katolik Kilsəsinin Yaxın Şərqə hərbi yürüşləri) də hədəfinə çevrilmiş, 1204-1261-ci illərdə məbəd katolik kilsəsi kimi fəaliyyət göstərib. İstanbulun (Konstantinopolun) yenidən Bizans İmperatorluğunun tərkibinə qatılması ilə təkrar pravoslav kilsəsi olub.
1453-cü ilin 29 mayında Osmanlı padşahı II Mehmet (Fateh Sultan Mehmet) tərəfindən İstanbul fəth olunur. Şəhərin fəthindən sonra Sultan Mehmet Ayasofyaya gələrək ilk cümə namazını burada qılır və bundan sonra məbədin məscid kimi fəaliyyət göstərəcəyini bildirir. 1481-ci ildə Ayasofyanın ilk minarəsi ucaldılır, sonralar müxtəlif tarixlərdə daha 3 minarə inşa edilir. Ayasofya 1616-cı ilədək, yaxınlıqda Sultan Əhməd məscidinin açılmasına qədər İstanbulun və ölkənin əsas ibadət mərkəzi idi.
Türkiyədə Cümhuriyyət qurulduqdan (1923) sonra da Ayasofya bir müddət məscid kimi fəaliyyət göstərib. 1930-cu ildə bərpa işləri ilə bağlı müvəqqəti olaraq bağlanıb. 1934-cü ildə Mustafa Kamal Atatürkün təşəbbüsü ilə Nazirlər Kabineti Ayasofyanın muzeyə çevrilməsi barədə qərar qəbul edib. 2020-ci ildən isə məbəd yenidən məscid kimi fəaliyyətinə davam edir...