İyulun 25-də Bakıda Qoşulmama Hərəkatının (QH) Gənclər Sammiti işə başlayıb.

QH-yə üzv olan 60-dan çox ölkənin gənc nümayəndəsinin iştirak etdiyi sammitin açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov qonaqları salamlayıb və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakçılara müraciətini oxuyub.

Dövlət başçısının müraciətində bildirilib ki, Azərbaycanda gənclər siyasətinə müstəsna əhəmiyyət verilir və hazırda ölkəmizdə keçirilməkdə olan bu tədbir Hərəkat ölkələrinin gəncləri arasında əməkdaşlığın möhkəmləndirilməsinə töhfə verəcək. Müraciətdə Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyinə diqqət çəkilib və qeyd olunub ki, Hərəkata üzv ölkələrin yekdil qərarı ilə ölkəmizin QH-yə sədrliyinin bir il daha – 2023-cü ilin sonunadək uzadılması sədrliyimizin müvəffəqiyyətlə həyata keçirildiyinin və üzv dövlətlərin Azərbaycana etimadının bariz nümunəsidir.

Sonra BMT Baş Assambleyası 76-cı sessiyasının sədri Abdulla Şahidin sammit iştirakçılarına videomüraciəti təqdim edilib. Abdulla Şahid QH Gənclər Sammitini təşkil etdiyi üçün Azərbaycana minnətdarlıq ifadə edib, xüsusən postpandemiya dövründə gənclərin rolunun vurğulanmasının təqdirəlayiq hal olduğunu bildirib.

Mərasimdə daha sonra Qoşulmama Hərəkatı Gənclər Şəbəkəsinin sədri Orduxan Qəhrəmanzadə çıxış edib, ötən ilin noyabr ayında yaradılmış şəbəkənin gördüyü işlər və gələcək planlardan bəhs edib.

Açılış sessiyasında Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin, Gənclər və İdman Nazirliyinin nümayəndələri, Milli Məclisin deputatları, QH-yə üzv ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirləri və başqa qonaqlar da iştirak ediblər.

Daha sonra tədbirin proqramına uyğun olaraq Qoşulmama Hərəkatına üzv ölkələrin gənclərinin çıxışları dinlənilib.

İyulun 29-dək davam edəcək sammitin müxtəlif seqmentləri çərçivəsində iştirakçılar tədbirin yekun sənədlərini müzakirə edəcək, QH modeli simulyasiya məşğələsi, eləcə də təşkilatların effektiv idarə edilməsi barədə təlim sessiyasında iştirak edəcək, müxtəlif rəsmilərin iştirakı ilə panel müzakirələrə qatılacaq, təqdimatlar keçirəcəklər.