Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyi və Qarabağ Dirçəliş Fondunun (QDF) birgə təşkilatçılığı ilə iyunun 26-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Qarabağ gecəsi” adlı xeyriyyə konserti keçirilmişdi. Tədbir “Avrora Qrup”un baş sponsorluğu, “İtaldizayn” QSC-nin sponsorluğu və “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin informasiya dəstəyi ilə reallaşmışdı.

Konsertdən sonra Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov, QDF  İdarə Heyətinin sədri Rəhman Hacıyev, QDF Müşahidə Şurasının üzvləri – millət vəkili Fatma Yıldırım, Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli tərəfindən konsertin ərsəyə gəlməsində həmrəylik və dəstək nümayiş etdirən donorlara Qarabağ Dirçəliş Fondunun “Təşəkkür sertifikatı” təqdim edilmişdi.

İyulun 22-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçirilən mərasimdə konsert proqramının ərsəyə gəlməsində əməyi olanlara, o cümlədən sənətçilərə Mədəniyyət Nazirliyi və Qarabağ Dirçəliş Fondunun “Təşəkkür sertifikatı” təqdim olunub.

Mədəniyyət Nazirliyi Aparatının rəhbəri Vüqar Məmmədovun iştirak etdiyi mərasimdə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri, Xalq artistləri Fəxrəddin Kərimov, Fərhad Bədəlbəyli, Əməkdar artistlər Aygün Mübariz, Arzu Əliyeva, Ceyla Seyidova, Nərgiz Əliyeva, ifaçılar Günay İmamverdiyeva, Babək Şuşalı, Cəlal Kərimov, tarzən Rövşən Qurbanov, eləcə də “Qarabağ gecəsi”nin aparıcıları və Azərbaycan Dövlət Akademik Filarmoniyasının nümayəndəsi təltif olunublar.

Xeyriyyə konsertindən əldə edilən vəsait işğaldan azad olunan ərazilərin bərpası və yenidən qurulması istiqamətində həyata keçirilən tədbirlərə yönəldiləcək.