Nazir Anar Kərimov Qəbələ və İsmayıllıda mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olub

 

Xəbər verdiyimiz kimi, mədəniyyət naziri Anar Kərimov iyulun 21-də Qəbələ rayon Mədəniyyət Mərkəzində vətəndaşları qəbul edib. Qəbuldan sonra nazir icra başçısının müşayiəti ilə Qəbələdə bir sıra mədəniyyət müəssisələrində olub, tarixi abidələri ziyarət edib.

Mədəniyyət Nazirliyi tərəfindən əsaslı təmir edilən Qəbələ şəhər Uşaq incəsənət məktəbinə baxış zamanı bildirilib ki, 1969-cu ildə fəaliyyətə başlayan tədris ocağında hazırda 332 şagird təhsil alır, 66 müəllim çalışır.

Sonra nazir Qəbələ rayon Heydər Əliyev Mərkəzi ilə tanış olub. 2007-ci ildən fəaliyyət göstərən mərkəzdə ulu öndərin həyatının və dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən ekspozisiya yaradılıb. Burada Heydər Əliyevin müxtəlif illərdə Qəbələyə səfərləri ilə bağlı fotolar da nümayiş olunur.

Baxış keçirilən növbəti məkan Qəbələ Tarix-Diyarşünaslıq Muzeyi olub. Məlumat verilib ki, muzeydə arxeologiya, etnoqrafiya, numizmatika, qədim əlyazmalar, nadir kitablar, xalq yaradıcılığı nümunələri və rayonun təbii sərvətlərini əks etdirən eksponatlar Qəbələnin tarixi keçmişi, mədəni irsi, təbiəti, iqtisadi inkişafı və s. haqqında geniş təsəvvür yaradır. Muzeyin fondunda Qəbələdə aparılan arxeoloji qazıntılar zamanı aşkar edilmiş çoxsaylı artefaktlar da toplanıb.

Səfər çərçivəsində 130 min nüsxə kitab fondu olan rayon Mərkəzi Kitabxanasına da baxış keçirilib, kitabxananın fəaliyyəti barədə məlumat verilib.

Anar Kərimov rayon mərkəzindən 18 kilometr cənub-qərbdə, indiki Çuxur Qəbələ və Tövlə kəndləri ərazisində yerləşən, qədim Qəbələ şəhərinin qalıqları üzərində yaradılan Qəbələ Dövlət Tarix-Bədii Qoruğuna və Qəbələ Arxeoloji Mərkəzinə də baş çəkib, arxeoloji qazıntılar zamanı aşkar olunan eksponatlarla tanış olub. Məlumat verilib ki, Qəbələ Dövlət Tarix-Bədii Qoruğu 1978-ci ildə yaradılıb. Qoruq tarix, mədəniyyət, memarlıq, etnoqrafik, arxeoloji abidələrin, eləcə də tarixi hadisə və şəxsiyyətlərlə bağlı olan xatirə yerlərinin və onların əşyalarının yerləşdiyi ərazini əhatə edir. 2005-ci ildən SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının təşəbbüsü və maliyyə dəstəyi ilə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloqları, 2009-cu ildən isə onlarla birlikdə Cənubi Koreyadan olan arxeoloqlar qoruq ərazisində qazıntılar aparır.

Nazir burada “Qafqaz Albaniyasının paytaxtı – Qəbələ” filminə baxıb. Daha sonra Anar Kərimov Qəbələdə arxeoloji qazıntıların aparıldığı Səlbir və Qala ərazilərinə baş çəkib.

Mədəniyyət naziri Qәbәlә rayonunun Nic qəsəbəsində Müqəddəs Məryəm Ana kilsəsini (XIX əsr) və Müqəddəs Yelisey adına Cotari kilsəsini (XIX əsr) də ziyarət edib. Məlumat verilib ki, Müqəddəs Məryəm Ana alban kilsəsi 2020-ci ildə Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə bərpa edilib. Cotari alban-udi kilsəsi yerli sakinlərin vəsaiti hesabına 1723-cü ildə inşa edilib. Kilsənin adı qəsəbədəki Cotari məhəlləsinin adından götürülüb.

Mədəniyyət müəssisələri ilə tanışlıqdan sonra nazir Anar Kərimov rayon Mədəniyyət Mərkəzində Qəbələ Xalq teatrının üzvləri ilə görüşüb, Qəbələ və İsmayıllı rayonlarının bədii kollektivlərinin ifasında konsert proqramını izləyib.

Konsertdə Qəbələ rayon İncəsənət məktəbinin xor kollektivi və nağaraçalanlar qrupu, Nic qəsəbə Mədəniyyət evinin “Cəngi” qrupu, İsmayıllı rayon İvanovka kənd Mədəniyyət evinin “Slavyanoçka” folklor kollektivi, Lahıc qəsəbə Mədəniyyət evinin “Lahıc” folklor qrupu və başqa kollektivlər çıxış edib.

***

Mədəniyyət Nazirliyi sistemində fəaliyyətin və idarəçiliyin təkmilləşdirilməsi, regionlardakı mədəniyyət müəssisələrində işin effektivliyinin artırılması məqsədilə bölgələrə səfər planı üzrə nazir Anar Kərimov iyulun 22-də İsmayıllı rayonunda olub.

Anar Kərimov və rayonun icra başçısı Nahid Bağırov əvvəlcə İsmayıllı şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyublar.

Sonra nazir 2009-cu ildən fəaliyyət göstərən İsmayıllı rayon Heydər Əliyev Mərkəzinə baş çəkib. Mərkəzlə tanışlıq zamanı bildirilib ki, burada ulu öndərin dövlətçilik irsini əks etdirən ekspozisiya yaradılıb. Mərkəzdə rəssamlıq, şahmat və bacarıqlı əllər dərnəkləri də fəaliyyət göstərir.

Mədəniyyət naziri daha sonra İsmayıllı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin fəaliyyəti ilə tanış olub, Uşaq şöbəsinə baxış keçirib. Ktabxananın ümumi fəaliyyəti, kitab fondu, oxucu sayı barədə məlumat verilib.

Anar Kərimov İsmayıllı şəhər Fazil Əzimov adına Uşaq incəsənət məktəbində də olub. Qeyd olunub ki, fortepiano, tar, qarmon, kamança, nağara, xanəndəlik, rəssamlıq, xoreoqrafiya ixtisasları üzrə tədris aparıldığı məktəbdə 69 nəfər müəllim çalışır, 292 şagird təhsil alır.

Səfər çərçivəsində həmçinin 2012-ci ildən fəaliyyət göstərən İsmayıllı Dövlət Rəsm Qalereyasına, 1981-ci ildə yaradılan İsmayıllı Tarix-Diyarşünaslıq Muzeyinə baxış keçirilib.

Nazir İsmayıllı şəhidlərinin uyuduğu məzarlığı da ziyarət edib, 44 günlük Vətən müharibəsində canından keçən qəhrəman oğulların xatirəsinə dərin ehtiramını bildirib.

Anar Kərimov İsmayıllı şəhərinin mərkəzində XIX əsrə aid yerli əhəmiyyətli memarlıq abidəsi olan məscidə də baş çəkib. Məlumat verilib ki, dövlət qeydiyyatında olan (inv. № 4356) tarixi tikili dördbucaqlı plan quruluşuna malikdir, divarları çaylaq daşı ilə hörülüb. Üç giriş qapısından birinin üstündə daş kitabə həkk olunub.

Sonra İsmayıllı rayonunun Diyallı kəndinə gələn nazir burada mədəniyyət evinə və rayon MKS-nin kitabxana filialına baxış keçirib. Hər iki mədəniyyət ocağı 1985-ci ildə tikilən binanın müvafiq olaraq 1-ci və 2-ci mərtəbələrində yerləşir. Kitabxana filialının 12 minə yaxın kitab fondu var.