Beş fundamental nəticə – qalib dövlət, beynəlxalq nüfuz, təhsilli cəmiyyət, böyük iqtisadi potensial və yüksələn rifah ölkənin 10 illik sosial-iqtisadi inkişaf nailiyyətlərini xarakterizə edir. Bu nailiyyətlər uzunmüddətli dövrdə ölkə iqtisadiyyatı üçün keyfiyyətcə yeni sosial-iqtisadi inkişaf simasının formalaşmasına böyük töhfə verəcək. Əldə olunmuş nailiyyətlər son 10 ildə həyata keçirilən genişmiqyaslı hədəflərə hesablanmış islahatların nəticəsidir.

Bu tezislər “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əksini tapıb. Strategiya iyulun 22-də Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə təsdiq olunub.

Sənəddə vurğulanır ki, ölkənin tarixi ərazi bütövlüyünün bərpası iqtisadiyyatın perspektiv inkişafı ideyalarının reallaşmasına zəmin yaratmışdır. Rəşadətli Azərbaycan Ordusu tərəfindən torpaqlarımızın işğaldan azad edilməsi və ölkənin ərazi bütövlüyünün bərpası xalqımızın çoxəsrlik tarixində misilsiz nailliyyətdir.

“2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” ölkə başçısının 2021-ci il 2 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan – 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” əsasında hazırlanıb. “Qüdrətli dövlət və yüksək rifah cəmiyyəti” devizi ilə təqdim olunan sənəd ölkəmizin beş il ərzində nəzərdə tutulan inkişaf strategiyasının əsas istiqamət və hədəflərini müəyyən edir. Strategiyada həmçinin müvafiq  istiqamət və sahələr üzrə Tədbirlər planı da əksini tapıb.

Prezidentin sərəncamında “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini, icrasına nəzarəti və hesabatlılığını həyata keçirmək Nazirlər Kabinetinə tapşırılıb.

Nazirlər Kabineti Strategiyanın həyata keçirilməsi ilə bağlı görülən işlər, o cümlədən nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti barədə ildə iki dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, icrası davam etməkdə olan konsepsiya, strategiya, dövlət proqramı, milli fəaliyyət planları və bu kimi digər sənədlərin Strategiya ilə əlaqələndirilməsi istiqamətində zəruri tədbirlər görməlidir.

Strategiyada nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin sifarişi əsasında, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirəcək.

Strategiyada sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər (Azərbaycan – 2030) üzrə nailiyyətlər və çağırışlar, qarşıda duran vəzifələr diqqətə çatdırılır.

Strategiyanın “Dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat üzrə strateji çərçivə” adlı bölümündə qeyd edilir ki, ölkə iqtisadiyyatının şaxələndirilməsi və qeyri-neft ixracının artırılması hesabına davamlı və yüksək iqtisadi artım təmin olunacaq. Keyfiyyətli məhsul və xidmətlərin ixracı hesabına ölkə iqtisadiyyatı qlobal dəyər zəncirinə inteqrasiya ediləcək. Bu məqsədlə daha sağlam və rəqabətli biznes mühiti yaradılacaq, sahibkarlığın inkişafına dövlət geniş dəstək verəcək. Dövlətə məxsus olan hüquqi şəxslərin effektivliyi artırılacaq, onların hesabatlılığı gücləndiriləcək. Nəticədə ölkə iqtisadiyyatı hər il orta hesabla 3‒4%, qeyri-neft/qaz ÜDM-i isə illik orta hesabla 5% artacaq. Özəl sektorun iqtisadiyyatda payı 88%-ə çatdırılacaq.

Eyni zamanda rəqəmsal texnologiyaların tətbiqi imkanlarının genişləndirilməsi üçün normativ hüquqi baza yaradılacaq. Rəqəmsal texnologiyaların inkişafı məqsədilə xüsusi fondlar və inkişaf institutları fəaliyyət göstərəcək, bu əsasda internet, yüksəksürətli mobil internet (5G texnologiyası daxil olmaqla), xüsusilə genişzolaqlı internet xidmətlərinin əhatəsi ölkə üzrə 95 faizə çatacaq.

“İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış üzrə strateji çərçivə” adlı bölümdə vurğulanır ki, azad edilmiş ərazilərdə əhalinin dayanıqlı məskunlaşması zəruri ilkin şərtlərin yaradılması ilə dəstəklənəcək. İşğaldan azad edilmiş ərazilərin təhlükəsizlik sistemi və infrastrukturla tam şəkildə əhatəsinə nail olunacaq. Qabaqcıl şəhərsalma qaydaları nəzərə alınmaqla bölgədə yaşayış və qeyri-yaşayış kompleksləri inşa ediləcək, müasir infrastruktura malik “ağıllı şəhər və ağıllı kənd” konsepsiyaları həyata keçiriləcək. Bu əsasda bütün bölgə qabaqcıl standartlara uyğun sosial-iqtisadi və mədəni infrastrukturla tam təmin ediləcək.

Strategiyanın Tədbirlər planında da bir sıra vacib sahə və istiqamətlərlə bərabər mədəniyyət və yaradıcı sahəyə də ayrıca yer ayrılıb.

“Mədəni və yaradıcı cəmiyyətin inkişafının təşviqi” adlı fəaliyyət istiqamətində 2022‒2026-cı illərdə Mədəniyyət Nazirliyi və aidiyyəti qurumlar  tərəfindən mədəniyyət və yaradıcılıq sahələrində bacarıqların inkişafını təşviq edən maarifləndirici təşəbbüslərin, bu sahələrdə bacarıqların inkişafına dair tədbirlərin həyata keçirilməsi, o cümlədən maarifləndirmə sahəsində hər il 1 qrant proqramının və mədəniyyət sahəsində məlumatların artırılmasına yönəlmiş 2 yeni layihənin icrası nəzərdə tutulur.

Bundan əlavə, Mədəniyyət Nazirliyi və aidiyyəti qurumlar tərəfindən 2022‒2026-cı illərdə mədəniyyət və yaradıcılıq sahəsində media platformalarının yaradılması və fəaliyyətinin təmin edilməsi, o cümlədən media platformaları üzrə məlumatların çatdığı auditoriyanın hər il 10% artması, “E-culture” Azərbaycan mədəniyyətinin rəqəmsallaşması layihəsi çərçivəsində hər il yazılı və media məlumatlarının ümumi həcminin artması üzrə müsbət dinamikaya nail olunması, platforma çərçivəsində özəl təşkilatlarla hər il 2 yeni layihənin icrası həyata keçirilməlidir.

Tədbirlər planında “Azərbaycan mədəniyyətinin təbliği çərçivəsində yaradıcılıq sahələrinin inkişafının dəstəklənməsi” istiqaməti üzrə Mədəniyyət Nazirliyi, Əqli Mülkiyyət Agentliyi və aidiyyəti qurumlar tərəfindən 2022‒2026-cı illərdə strateji ölkələrdə Azərbaycanın yaradıcı mədəniyyətinə dair hər il 5 yeni tədbirin keçirilməsi, dövrün sonunda xaricdə yerləşən aparıcı muzey və kitabxanalarda 10 yeni guşənin yaradılması, eləcə də hər il 1 yeni yüksəkkeyfiyyətli filmin yaradılması, Azərbaycan mədəniyyətinin təbliği məqsədilə keçiriləcək forumlarda hər il tərəfdaş sayının artım tempinin təmin olunması və dövrün sonunadək 5 strateji ölkədə mədəni mərkəzlərin açılması nəzərdə tutulur.