Xəbər verdiyimiz kimi, 29-31 iyul tarixində Azərbaycanın milli-mənəvi dəyərlərinin təbliği, yaylaq və elat mədəniyyətinin yaşadılması və beynəlxalq miqyasda tanıdılması məqsədilə II Milli Yaylaq Festivalı keçiriləcək. İlk dəfə 2019-cu ildə Gədəbəy rayonunda Düzyurd-Miskinli yaylağında təşkil olunan festival üçün bu il Hacıkənddə yerləşən Xan yaylağı məkan seçilib.

“Cavad xan” Tarix və Mədəniyyət Fondunun təşəbbüsü, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və bir sıra dövlət qurumlarının təşkilatçılığı ilə gerçəkləşəcək II Milli Yaylaq Festivalında 22 xarici ölkədən 300-ə yaxın qonağın iştirakı gözlənilir.

Xan yaylağı ərazisində yerləşən Yaylaq yurdu etno-qəsəbəsində “Cıdır meydanı”, “Yaylaq bazarı”, “Sənətkarlıq guşəsi”, “Dədə Qorqud ocağı”, “Yaylaq yatağı”, “Pəhləvan meydanı”, “Aşıq Ələsgər ocağı”, “Yaylaq süfrəsi” kimi tematik guşələr fəaliyyət göstərəcək.

Festivalda üç gün ərzində ümumilikdə 70 mindən artıq tamaşaçının iştirakı nəzərdə tutulur. Onlar xarici ölkələrdən dəvət olunmuş etnik musiqi qruplarının ifaları, yerli kollektivlərin çıxışları, aşıq deyişməsi, milli rəqslər, xalq mahnıları, Azərbaycanda yaşayan azsaylı xalqların mədəniyyət nümunələri, səhnəciklər və teatral kompozisiyalar, qədim xalq oyunları, sənətkarlıq məhsulları, milli geyim nümunələri ilə tanış ola və təbiət qoynunda əsl yaylaq həyatı yaşaya biləcəklər.

Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev Hacıkənddə Xan yaylağında festivala hazırlıq işlərinin gedişi ilə tanış olub. Təşkilati məsələlərlə, yaylaq ərazisində mədəniyyət guşələrinin və səhnələrin qurulması, mədəni proqramın tərtibi, kollektivlərin çıxışları, logistika məsələləri barədə məlumat alan Elnur Əliyev festivalın layihə rəhbəri, “Cavad xan” Tarix və Mədəniyyət Fondunun vitse-prezidenti Müzadil Həsənov, təşkilat komitəsinin üzvləri ilə və könüllülük proqramı üzrə seçilmiş gənclərlə görüşüb.

Görüşdə qeyd olunub ki, mədəniyyətin gənclər üçün əlçatan olması, milli mədəniyyətə sahib çıxması baxımından könüllülərin və ümumiyyətlə, gənclərin tədbirdə iştirakı vacibdir. Azərbaycan gəncliyinin mədəni proseslərdə fəal iştirakı Mədəniyyət Nazirliyinin strateji məqsədlərindəndir.

Festivala hazırlıq işlərinin tamamlanması və təşkilati məsələlərin həlli üçün tapşırıq və tövsiyələrini verən Elnur Əliyev bildirib ki, Mədəniyyət Nazirliyi milli mədəniyyətin təbliğinə yönəlmiş bu layihəyə xüsusi önəm verir və onun yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi dəstəyi göstərir. Vurğulanıb ki, Azərbaycan mədəniyyətinin, tarixinin tanıdılması nazirliyin fəaliyyətinin prioritet istiqamətlərindən biridir. Nazirliyin bu istiqamətdə həyata keçirdiyi tədbirlər, o cümlədən “Yurd” layihəsi haqqında məlumat verilib.

Qeyd edək ki, festival məkanında milli mədəniyyətimizin canlandırılması – tədbirin bədii proqramının, açılış və bağlanış mərasimlərinin təşkili, oyun və konsert səhnələrinin quraşdırılması Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilir.

II Milli Yaylaq Festivalının bədii proqramına Akademik Musiqili Teatr, Pantomima Teatrı, Şuşa Dövlət Musiqili Dram Teatrı, Bakı Dövlət Sirki, Gəncə Dövlət Dram Teatrı, Gəncə Dövlət Kukla Teatrı, Gəncə Dövlət Filarmoniyası, həmçinin Gəncə, Masallı və Şəki regional mədəniyyət idarələrinin musiqi, rəqs və folklor kollektivlərinin çıxışları daxildir.

Festival şərti olaraq üç hissədən ibarət olacaq: mədəni-etnoqrafik hissə; milli yaylaq (idman) oyunları; eko-etnoturizm.

Festival Mədəniyyət Nazirliyi ilə yanaşı, TİKA – Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi, Gənclər və İdman Nazirliyi, Dünya Etnoidman Konfederasiyası, Dövlət Turizm Agentliyi, Dövlət Məşğulluq Agentliyi, KOBİA, Kənd Təsərrüfatı Nazirliyi, Gəncə Şəhər İcra Hakimiyyəti, Göygöl Rayon İcra Hakimiyyəti və digər qurumların tərəfdaşlığı və dəstəyi ilə gerçəkləşəcək.

Milli Yaylaq Festivalının rəsmi saytı – myf.az fəaliyyət göstərir. Saytda festival proqramı barədə ətraflı məlumat almaq, həmçinin iştirak üçün qeydiyyatdan (o cümlədən media üçün akkreditasiya) keçmək mümkündür.