Prezident İlham Əliyev iyulun 25-də dünya şöhrətli fotoqraf Reza Deqatinin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Məşhur fotoreportyor Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında çoxillik səmərəli fəaliyyətinə görə təltif edilib.

Qeyd edək ki, iyulun 26-da Reza Deqatinin 70 yaşı tamam olub. O, 1952-ci ildə Təbrizdə azərbaycanlı ailəsində dünyaya gəlib. Tehran Universitetində memarlıq üzrə təhsil alsa da, sonradan peşəkar fotoqraflığa başlayıb. 1981-ci ildə Fransaya köçüb və ABŞ-ın Milli Coğrafiya Cəmiyyəti (National Geographic Society) də daxil olmaqla dünyanın nüfuzlu təşkilatları ilə əməkdaşlığa başlayıb.

Dünyanın yüzdən çox ölkəsində, o cümlədən bir çox qaynar nöqtələrdə fotojurnalist kimi çalışan Reza Deqati ötən əsrin 90-cı illərindən etibarən Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və otuz ilə yaxın sürən işğalla bağlı, eləcə də 2020-ci ilin 44 günlük müharibəsi zamanı və tarixi Zəfərdən sonra çəkdiyi fotolarla Azərbaycan həqiqətlərinin dünyaya yayılmasına mühüm töhfələr verib.