“Şərq qapısı” qəzeti Naxçıvan Muxtar Respublikasında ictimai-siyasi proseslərin və ədəbi-mədəni mühitdəki yeniliklərin davamlı işıqlandırıldığı aparıcı mətbuat orqanıdır. 2021-ci ildə qəzetin nəşrə başlamasının 100 illik yubileyi təntənə ilə qeyd edildi. Fəaliyyət göstərdiyi bir əsrlik dövrdə “Şərq qapısı” digər sahələrlə yanaşı, mədəniyyət, teatr sahəsində də muxtar respublikanın güzgüsü olmuşdur. Məhz bu səbəbdən Naxçıvan teatrının inkişaf yolunu tədqiq edərkən 100 yaşlı “Şərq qapısı”nı da araşdırmağa ehtiyac yaranır.

Bu günlərdə AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutu Musiqi və teatr şöbəsinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əli Qəhrəmanov və həmin institutun elmi katibi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ələkbər Qasımovun birgə müəllifliyi ilə “Naxçıvan teatrı “Şərq qapısı” qəzetinin səhifələrində” monoqrafiyası çapdan çıxmışdır. Müəlliflər “Şərq qapısı” qəzetinin 1921-ci ildə nəşrə başladığı ilk nömrədən günümüzədək olan nömrələrini izləmiş, Naxçıvan teatrının keçdiyi inkişaf yolunu ardıcıl və sistemli şəkildə tədqiq etmişlər.

Monoqrafiya ön söz, 5 fəsil və nəticədən ibarətdir. “Muxtar respublikanın teatr həyatı “Şərq qapısı” qəzetinin səhifələrində” adlı I fəsildə 1921-1940-cı illərdə teatrın həyatında baş verən dəyişikliklər, savadsızlığa, dini fanatizmə qarşı mübarizə, xalqın teatra olan marağı, gənclərin teatra cəlb olunması, muxtar respublikanın hətta ucqar kəndlərində tamaşalar göstərilməsi və s. haqqında qəzetdə işıqlandırılmış materiallara nəzər salınmışdır.

“Naxçıvan teatrı və vətənpərvərlik mövzusu “Şərq qapısı” qəzetinin səhifələrində” adlı ikinci fəsildə teatrın II Dünya müharibəsi illərindəki 5 illik fəaliyyətinə diqqət yetirilir. Bildirilir ki, müharibənin ilk günlərində teatrın aparıcı aktyorlarından Rza Məmmədov, Mirələsgər Seyidov, Firudin Sultanov, Məmməd Cəfərov, Abbas Quliyev və başqaları cəbhəyə gedərək faşistlərə qarşı döyüşlərdə iştirak etmişlər. Kollektivin digər üzvləri arxa cəbhədə S.Vurğunun “Vaqif”, S.Rüstəmin “Qaçaq Nəbi”, O.Sarıvəllinin “Babək”, A.Şaiqin “Vətən”, M.Təhmasibin “Aslan yatağı”, N.Nağıyevin “Polad” və s. səhnə əsərlərini nümayiş etdirərək insanlarda ruh yüksəkliyi, qələbəyə inam, vətənə bağlılıq hissləri aşılamaq üçün çalışmışlar.

“Naxçıvan teatrının fəaliyyəti “Şərq qapısı” qəzetinin səhifələrində (1945-1969)” adlı III fəsildə İkinci Dünya müharibəsindən sonrakı dinc quruculuq illərində teatr fəaliyyəti haqqında qəzetdə dərc olunmuş materiallar tədqiq olunmuşdur. Dövrün tələbinə uyğun “Torpaq təslim olur”, “Müqəddəs arzular” (H.İbrahimov), “Atayevlər ailəsi”, “Sərhədçilər” (İ.Əfəndiyev), “Göz həkimi” (İ.Səfərli), “Rus məsələsi” (K.Simonov), “Stalinqraddan uzaqlarda” (A.Surkov), “İki ağanın bir nökəri” (K.Qoldoni),  “Fitnə” (A.Şaiq), “On ikinci gecə” (V.Şekspir), “Xoşbəxtlər” (S.Rəhman), “Məkr və məhəbbət” (F.Şiller), “Qayınana” (M.Şamxalov), “Ədalət” (B.Vahabzadə), “Şeyx Sənan” (H.Cavid), “Sahil əməliyyatı” (C.Əmirov), “Məhsəti” (K.Ağayeva) və s. əsərlərin Naxçıvan teatrında uğurla səhnəyə qoyulması haqqında qəzetdə işıq üzü görmüş müxtəlif səpkili informasiyalar təhlilə cəlb edilmişdir. Monoqrafiyada 1964-cü ildə böyük dramaturq Cəlil Məmmədquluzadənin adının və teatra “musiqili dram teatrı” statusunun verilməsi də qəzet materialları əsasında geniş şərh olunmuşdur. 

Ümummilli lider Heydər Əliyevin ölkəmizdə siyasi hakimiyyətə gəlişindən (1969) sonra bütün sahələrdə, o cümlədən teatr sahəsində də baş verən dəyişikliklər Naxçıvan teatrı fonunda nəşrin dördüncü fəslində təhlil edilmişdir. Eləcə də, 1964-cü ildən Ordubad, 1973-cü ildən fəaliyyət göstərən Naxçıvan Gənclik Xalq teatrlarının, 1989-cu ildə Naxçıvan Dövlət Kukla Teatrının yaranması və bu teatrlarda göstərilən tamaşalar, qazanılan müvəffəqiyyətlər haqqında da məlumatlarla tanış oluruq.

Monoqrafiyanın V fəsli “Müstəqillik illərində Naxçıvanda teatr məsələləri “Şərq qapısı” qəzetinin səhifələrində (1990-2021)” adlanır. Bu fəsildə ölkəmizin müstəqillik qazanmasından sonra teatrın həyatında baş verən mühüm dəyişikliklər, milli düşüncənin formalaşmasında teatrın oynadığı rol, ümummilli lider tərəfindən bu sənət ocağına göstərilən diqqət və qayğı ilə barədə söz açılır. Qeyd edilir ki, ümummilli lider Heydər Əliyev 1991-ci ildə muxtar respublika Ali Məclisinin sədri işləyərkən teatrın kollektivinin qarşısına ciddi vəzifələr qoymuşdur. Teatrın repertuarında 1990-cı ilin 20 Yanvar faciəsinə, vətənimizin bütövlüyü uğrunda şəhid olanların talelərinə, milli-mənəvi dəyərlərə, vətənpərvərliyə həsr olunmuş tamaşalara geniş üstünlük verildiyinin, həmçinin teatrın 2000-ci il mövsümünün açılış mərasimində muxtar respublikası Ali Məclisinin sədri Vasif Talıbovun yaradıcı kollektivlə görüşü və dəyərli məsləhətləri haqqında da tədqiqatın bu fəslində məlumat verilir.

Elçinin Naxçıvan teatrında nümayiş olunan “Mənim ərim dəlidir” pyesinin uğurlu tamaşası haqqında akademik İsa Həbibbəylinin tutarlı təhlilləri, eyni zamanda 2008-ci il yanvarın 31-də Prezident İlham Əliyevin Naxçıvan Dövlət Musiqili Dram Teatrının 125 illiyinin qeyd olunması haqqında sərəncamı və onun icrası üçün Ali Məclis sədrinin imzaladığı sərəncamla yubileyin keçirilməsi üçün Tədbirlər planının təsdiqi, dövlət başçısı və Ali Məclis sədri tərəfindən teatrın inkişafında xidmətlərinə görə bir sıra aktyorların fəxri adlara layiq göstərilməsi və digər məsələlər də monoqrafiyada geniş əksini tapmışdır.

Monoqrafiyanın nəticə hissəsində müəlliflər Naxçıvan teatrının “Şərq qapısı” qəzetində əks olunan 100 illik fəaliyyətini ümumiləşdirərək belə qənaətə gəlirlər ki, teatr öz fəaliyyəti ilə qəzet üçün maraqlı materiallar verdiyi kimi, bu mətbuat orqanı da Naxçıvanda teatr sənətinin, teatrın yaradıcı kollektivin təbliğində müstəsna rol oynamışdır.

Kitab bu sahədə tədqiqat aparan mütəxəssislər, ali təhsil müəssisələrinin müəllim, tələbə və magistrləri, həmçinin geniş oxucu kütləsi üçün əhəmiyyətli mənbədir.

Mirsəlim EMİNOV
AMEA Naxçıvan Bölməsi İncəsənət,  Dil və Ədəbiyyat İnstitutunun elmi işçisi