Yaponiyalı media təmsilçiləri üçün GUAM ölkələrinə infotur təşkil ediləcək
Ukraynanın Kiyev şəhərində Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat - GUAM-ın müvafiq qurum rəhbərləri səviyyəsində turizm məsələləri üzrə işçi qrupunun növbəti iclası keçirilib. İclasda Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin Xarici turizm sektorunun müdiri Səbinə Zadayeva iştirak edib.
GUAM-ın baş katibi Valeri Çeçelaşvilinin sədrlik etdiyi toplantıda Gürcüstan, Ukrayna və Azərbaycanın turizm üzrə dövlət qurumlarının rəsmiləri, həmçinin Azərbaycan, Moldova və Gürcüstanın Ukraynadakı səfirliklərinin nümayəndələri iştirak edib.
İclasda “Yapon turistlərin cəlb olunmasına dair GUAM-ın vahid turizm məhsulu” layihəsinin uğurla həyata keçirilməsi üçün 2011-ci ilin 14 aprel tarixində Tiflisdə qəbul edilmiş Tədbirlər Planının icrasına dair hesabatlar dinlənilib.
Səbinə Zadayevanın qəzetimizə verdiyi məlumata görə, toplantıda bu ilin 24-26 sentyabr tarixlərində Tokioda keçirilən “JATA WTF-2011” sərgisi çərçivəsində GUAM ölkələrinin vahid lövhə ilə təmsil olunması da müzakirə edilib. “Yapon turistlərin cəlb olunmasına dair GUAM-ın vahid turizm məhsulu” layihəsinin növbəti mərhələsində Yaponiyanın kütləvi informasiya vasitələri üçün 2012-ci ilin aprel ayında GUAM ölkələrinə infoturun təşkil edilməsi qərara alınıb. Tədbirdə həmçinin “Yapon turistlərin cəlb olunmasına dair GUAM-ın vahid turizm məhsulu” layihəsinin həyata keçirilməsi uğurla başa çatdıqdan sonra ABŞ, Kanada və Cənubi Koreya bazarları üçün buna bənzər layihələrin hazırlanması məsələsi də müzakirə edilib.
Fəxriyyə Abdullayeva