Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanasında “Yubileylər silsiləsi” layihəsi çərçivəsində “Əhməd Cavad Azərbaycan Xalq Cümhuriyyəti dövründə” adlı tədbir keçirib. Tədbir istiqlal şairi Əhməd Cavadın 130 illiyinə həsr olunub.

Tədbirdə kitabxananın əməkdaşları çıxış edərək Əhməd Cavadın həyat və yaradıcılığının ən parlaq dövrünün Cümhuriyyət illərinə təsadüf etdiyini vurğulayıblar. Qeyd olunub ki, həmin dövrdə şair Gəncədə və Bakıda çalışıb, şeirlər yazmaqla bərabər publisistik yaradıcılığını da davam etdirib.

Yasamal rayon MKS-nin 3 nömrəli filialında isə Əhməd Cavadın anadan olmasının 130 illiyi münasibətilə “Məlumat saatı” təşkil edilib. Görkəmli şairin yaradıcılığından söz açılıb, kitabxananın fondunda Ə.Cavadla bağlı nəşrlər haqqında məlumat verilib.

***

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon MKS-nin 2 nömrəli filialı fəal oxucuların iştirakı ilə “Unudulmayan oğullar” adlı tədbir təşkil edib.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsindən bildirilib ki, tədbirdə Vətən uğrunda canından keçən igidlərdən biri – şəhid Nahid Teymurzadə haqqında söhbət açılıb.

Bildirilib ki, Nahid Teymurzadə 1997-ci il iyunun 23-də Biləsuvar rayonunun Günəşli kəndində anadan olub. 2020-ci ilin Vətən müharibəsində könüllü cəbhəyə gedib. Xocavəndin Düdüklü kəndinin azad olunması uğrunda gedən döyüşlərdə şəhadətə yüksəlib. Ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

***

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nərimanov rayon MKS-nin Mərkəzi Kitabxanası Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmovun 70 illiyi ilə əlaqədar videoçarx hazırlayıb.

Videoçarxda Milli Qəhrəman haqqında məlumat yer alıb. Qeyd edilib ki, Asif Yusif oğlu Məhərrəmov (Fred Asif) 1952-ci il iyulun 26-da Ağdam şəhərində anadan olub. Birinci Qarabağ müharibəsində Ağdamın kəndlərində düşmənə qarşı özünümüdafiə dəstələri yaradaraq cəsur komandir kimi tanınıb, dəfələrlə yaralanıb. Müharibədə aldığı yaralar nəticəsində 1994-cü il iyulun 1-də dünyasını dəyişib. Bakıdakı İkinci Fəxri xiyabanda dəfn olunub.