Mədəniyyət Nazirliyinin əməkdaşları ABŞ-ın dünyaca məşhur CNN telekanalının London bürosunda qonaq olub, kanalın fəaliyyəti ilə tanışlıq imkanı qazanıblar.

CNN telekanalının baş Avropa ofisi Londonda yerləşir. London bürosunun fəaliyyəti kanalın ümumilikdə Avropa, Yaxın Şərq və Afrika üzrə informasiya məhsullarını əhatə edir.

Mədəniyyət Nazirliyi Media və kommunikasiya şöbəsinin müdiri Məryəm Qafarzadə və şöbənin baş məsləhətçisi Elnarə Kərimova “CNN London”un rəhbərliyi ilə görüşüblər. Görüş zamanı diqqətə çatdırılıb ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və CNN illərdir əməkdaşlıq edir, ölkəmizlə bağlı çoxsaylı süjetlər yayımlanıb.

Nazirliyin nümayəndələri kanalın işi, beynəlxalq layihələri ilə tanış olublar. Həmçinin çəkiliş prosesi, məşhur “CNN Breaking News”un canlı yayımlarını, montaj və hazırlıq işlərinin necə getdiyini, redaksiya işlərinin necə aparıldığını, strategiyaların necə hazırlandığını izləmək imkanı qazanıblar. Rəqəmsal və yaradıcı həllər üzrə fikir mübadiləsi aparıblar.

Görüş zamanı Azərbaycan tərəfindən ölkəmizin mədəniyyəti ilə bağlı məqalə hazırlanaraq telekanalın saytında yerləşdirilməsinə dair razılıq əldə edilib. Həmçinin gələcək layihələrlə bağlı müzakirələr aparılıb.

Kanalın təmsilçiləri media sxemi, xəbər ötürmə, marketinqlə bağlı illər ərzində əldə etdiyi təcrübələrini də bölüşüblər.

Məryəm Qafarzadə kanalın fəaliyyəti ilə tanışlıq üçün yaradılan imkana və səmimi görüşə görə “CNN London”un rəhbərliyinə təşəkkür edərək, zəngin mədəniyyətimizin təbliği üçün yeni metodların tətbiqi və davamlı əməkdaşlığın perspektivlərindən söz açıb.

Qeyd edib ki, cari ildə telekanal Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilən tədbirlər, eyni zamanda milli sərvətimiz olan muğam və xalça sənəti ilə bağlı videoçarxlar nümayiş etdirib.

Nümayəndə heyəti sonda şirkətin iş şəraiti və binası ilə yaxından tanış olub.