Sankt-Peterburqun Mariinski Teatrının yeni səhnəsində (Mariinski-2) dünya şöhrətli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti Fikrət Əmirovun “Min bir gecə” baleti nümayiş olunacaq.

Bu il 100 illik yubileyi qeyd olunan dahi bəstəkarın dünyanın məşhur səhnələrinin bəzəyinə çevrilən “Min bir gecə” baleti 30 və 31 iyul tarixlərində, gündə iki seans olmaqla təqdim ediləcək. Nümayişlər Primorski səhnəsi (Vladivostok şəhəri) balet truppasının Sankt-Peterburqa qastrol səfəri çərçivəsində gerçəkləşəcək.

Tamaşanın quruluşçu rəssamı Mariinski Teatrı Primorski səhnəsinin baş xoreoqrafı, Rusiyanın Əməkdar incəsənət xadimi həmyerlimiz Eldar Əliyevdir.

Tamaşanın musiqi rəhbəri Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, Əməkdar artist, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevdir. Səhnə əsərini Mariinski Teatrının Simfonik Orkestri müşayiət edəcək.

Xatırladaq ki, bu ilin 17-18 və 22-23 yanvar tarixlərində Mariinski Teatrının yeni səhnəsində “Min bir gecə” baletinin nümayişi gerçəkləşmişdi. Mayın 31-də isə məşhur sənət nümunəsi yenə də Eldar Əliyevin quruluşunda Sofiya Opera və Balet Teatrında (Bolqarıstan) nümayiş olunmuşdu.