Prezident İlham Əliyevin iyulun 28-də imzaladığı sərəncamla Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika-Riyaziyyat və Texnika Elmləri, Kimya Elmləri, Yer Elmləri, Biologiya və Tibb Elmləri bölmələri, habelə Naxçıvan və Gəncə bölmələri üzrə 37 müəssisə - institutlar, elmi istehsalat birliləri və s. yeni yaradılan Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib.

Bu siyahıya AMEA Humanitar Elmlər Bölməsi (Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Nəsimi adına Dilçilik İnstitutu, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, Memarlıq və İncəsənət İnstitutu, Folklor İnstitutu)  və İctimai Elmlər Bölməsi (Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu, Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu, Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutu, Fəlsəfə və Sosiologiya İnstitutu, Qafqazşünaslıq İnstitutu, Elm Tarixi İnstitutu) üzrə institutlar daxil deyil.

Bundan əlavə, Mərkəzi Elmi Kitabxana, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, Respublika Seysmoloji Xidmət Mərkəzi, eləcə də AMEA-nın Naxçıvan və  Gəncə bölmələri üzrə humanitar və ictimai elmlər istiqamətlərində institut və digər müəssisələr, Şəki Regional Elmi Mərkəzi AMEA-nın tabeliyində qalıb.