Prezident və birinci xanım şəhərə köçmüş ilk sakinlərlə görüşüblər

 

Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edib və şəhərə köçmüş ilk sakinlərlə görüşüblər.

Kompleksdə görülən işlər barədə məlumat verilib.

Bildirilib ki, ilkin mərhələdə birinci yaşayış kompleksinə köç qrafikinə əsasən 20 ailə (88 nəfər) köçürülüb. İyirmi üç binadan ibarət yaşayış kompleksinin ümumi sahəsi 8 hektara yaxındır. Kompleksin təməli 2021-ci il avqustun 29-da qoyulub. Yaşayış kompleksi 28-i birotaqlı, 195-i ikiotaqlı, 190-ı üçotaqlı, 30-u dördotaqlı və 7-si beşotaqlı olan 450 mənzildən ibarətdir.

Dövlətimizin başçısı və birinci xanım yaşayış kompleksində və mənzillərdə yaradılan şəraitlə tanış olub, Şuşaya köçən ailələrlə görüşüblər.

Görüşdə çıxış edən Prezident İlham Əliyev vurğulayıb ki, bu gün Şuşanın yeni tarixi başlayır: “Mən 2020-ci il noyabrın 8-də xalqa müraciətimdə demişdim ki, biz Şuşanı dirçəldəcəyik. Bax, bu gün biz dirçəldilən Şuşanı görürük. Təkcə bu gözəl binalar deyil, Şuşada çox genişmiqyaslı quruculuq işləri gedir. Bu gün Ulu Öndərin doğum günündə üçüncü yaşayış kompleksinin təməli qoyuldu. Keçən il mayın 10-da ikinci yaşayış kompleksinin təməli qoyulmuşdur. Bu birinci yaşayış kompleksində 450, ikincidə 300-ə yaxın, üçüncüdə isə 500-ə yaxın mənzil inşa ediləcək. Onun bir hissəsi artıq hazırdır. Bu gün siz bu mənzillərə köçəcəksiniz. Bütün evlər gözəl memarlıq üslubunda – Şuşanın ənənəvi üslubunda inşa edilmişdir. Şərait çox gözəldir və əminəm ki, uzun fasilədən sonra şuşalılar burada rahat yaşayacaqlar, yaradacaqlar, quracaqlar, öz doğma şəhərinin tarixi simasını qoruyacaqlar...”.

Qeyd edək ki, mayın 14-də Şuşa şəhərinə daha 38 ailə (136 nəfər) köçürülüb.