Festivalda altı ölkədən ifaçı və kollektivlər iştirak edir

 

İyulun 29-da Gəncə şəhərinin Hacıkənd qəsəbəsindəki Xan yaylağında II Milli Yaylaq Festivalı başlandı.

Festival “Cavad xan” Tarix və Mədəniyyət Fondu və “Kap.az” – Fərqli Turizm MMC-nin təşəbbüsü, Mədəniyyət Nazirliyi, TİKA – Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi, Gənclər və İdman Nazirliyi, Dünya Etnoidman Konfederasiyası, Dövlət Turizm Agentliyi, Dövlət Məşğulluq Agentliyi, KOBİA, Kənd Təsərrüfatı Nazirliyi, Gəncə Şəhər İcra Hakimiyyəti, Göygöl Rayon İcra Hakimiyyəti və digər qurumların tərəfdaşlığı və dəstəyi ilə gerçəkləşir.

Festivalın ilk gününün birinci yarısında Gəncə Regional Mədəniyyət İdarəsi (RMİ) Gəncə şəhər Uşaq incəsənət məktəbinin “Xəmsə” nağaraçılar ansamblı, “Gəncə qönçələri” rəqs qrupu, Gəncə Dövlət Kukla Teatrı, Gəncə Dövlət Dram Teatrı, “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblı, Aşıq Şəmşir adına Kəlbəcər rayon Mədəniyyət evinin “Zurnaçılar” ansamblı, Gəncə şəhər Bülbül adına 3 saylı Uşaq musiqi məktəbinin “Gəncə” vokal triosu, “Xəmsə” uşaq rəqs ansamblı, Masallı RMİ-nin “Cahan” folklor ansamblı, eləcə də Qazaxıstandan “Turan” folklor ansamblı, türkiyəli sənətçi Kaya Kuzucu, Xarəzm Dövlət Filarmoniyasının (Özbəkistan) təmsilçiləri, digər ifaçı və kollektivlər çıxış etdilər.

Günün ikinci yarısında isə Ukrayna, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Dağıstandan (Rusiya Federasiyası) olan musiqiçilər öz ifaları ilə festival iştirakçılarına xoş anlar yaşatdılar.

Qeyd edək ki, festivala üç gün ərzində (29-31 iyul) 20-dən çox ölkədən 300-ə yaxın iştirakçının və fəxri qonağın, 70 mindən artıq tamaşaçının qatılması nəzərdə tutulur. Festival şərti olaraq üç hissədən ibarətdir: mədəni-etnoqrafik hissə; milli yaylaq (idman) oyunları; eko-etno turizm.

Festivalda "Yaylaq (idman) oyunları" şərti adı altında qədim kökə söykənən yorğa at yarışları, atüstü oyunlar və milli idman növləri üzrə yarışlar və nümunəvi çıxışlar təşkil olunur. Mədəni-etnoqrafik hissədə aşıqların deyişməsi, milli rəqslər (yallılar, cəngilər), xalq mahnıları, tamaşalar təqdim olunur. Etno-qəsəbənin ərazisində yaşayış yurdları (alaçıqlar) ilə yanaşı, Cıdır meydanı, "Yaylaq (kənd təsərrüfatı) bazarı", "Sənətkarlıq guşəsi", "Dədə Qorqud ocağı" (tamaşalar üçün səhnə), "Yaylaq yatağı" (təsərrüfat heyvanları üçün yerlər), "Pəhləvan meydanı" (yarış sahəsi), "Aşıq Ələsgər ocağı", "Yaylaq süfrəsi" (yaylaq kulinariyası) və digər tematik sahələr festivalın xüsusi zövqlə hazırlanmasından xəbər verir.

II Milli Yaylaq Festivalının Mədəniyyət Nazirliyi tərəfindən hazırlanmış bədii proqramına Akademik Musiqili Teatr, Pantomima Teatrı, Şuşa Dövlət Musiqili Dram Teatrı, Bakı Dövlət Sirki, Gəncə Dövlət Dram Teatrı, Gəncə Dövlət Kukla Teatrı, Gəncə Dövlət Filarmoniyası, həmçinin Gəncə, Masallı və Şəki regional mədəniyyət idarələrinin musiqi, rəqs və folklor kollektivlərinin çıxışları daxildir.

Xatırladaq ki, Milli Yaylaq Festivalı ilk dəfə 2019-cu ildə Gədəbəy rayonundakı Düzyurd-Miskinli yaylağında təşkil olunub. Pandemiya ilə bağlı iki il aradan sonra festival ikinci dəfə keçirilir.

Nurəddin Məmmədli
Hacıkənd