Gələn il şəhərdə keçiriləcək TÜRKSOY Kino Forumuna hazırlıq müzakirə olunub

 

Bu il “Türk Dünyasının Mədəniyyət Paytaxtı” kimi silsilə tədbirlərin keçirildiyi Bursa şəhəri 2023-cü ildə daha bir əlamətdar layihəyə – TÜRKSOY Kino Forumuna ev sahibliyi edəcək. Forum Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un təşkilatçılığı və Bursa şəhərinin Osmanqazi Bələdiyyəsinin dəstəyi ilə gerçəkləşəcək.

İyulun 27-dən 31-dək Bursada TÜRKSOY Kino Forumuna hazırlıq toplantısı təşkil olunub. TÜRKSOY-un Baş katibi Sultan Raevin sədrliyi keçirilən toplantıya Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkmənistanın nümayəndələri qatılıb.

Azərbaycanı tədbirdə Mədəniyyət Nazirliyinin TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı, Mədəniyyət Nazirliyi Audiovizual və interaktiv media şöbəsinin müdiri Rüfət Həsənov, Azərbaycan Dövlət Film Fondunun direktoru Cəmil Quliyev və fondun şöbə müdiri Rəşad Qasımov təmsil ediblər.

Bursa Osmanqazi Bələdiyyəsinin başqanı Mustafa Dündar Türk dünyası kino sənayesinin nümayəndələrini qəbul edib. Görüşdə bələdiyyənin ev sahibliyi edəcəyi forumun əhəmiyyətindən söz açan Mustafa Dündar deyib: “TÜRKSOY Kino Forumuna hazırlıq toplantısında Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkmənistandan olan nümayəndələrlə yol xəritəmizi müəyyən edirik. Eyni zamanda hər bir ölkənin filmləri nümayiş olunacaq. Bu layihə ilə gözəl işlərə imza atırıq” . 

“Panorama 1326” Bursa Fəth Muzeyində keçirilən toplantıda TÜRKSOY Kino Forumunun vaxtı, gündəliyi, müzakirəyə çıxarılacaq mövzuların Türk dünyası ölkələrində kino sənayesinə nə dərəcədə töhfə verəcəyi kimi məsələlər və ümumilikdə kinematoqrafiya sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Foruma hazırlıq toplantısında Azərbaycan təmsilçiləri ilə yanaşı Qazaxıstandan ssenarist Baxtıgül Maxanbetova, prodüser Mayra Karsakbayeva, Qırğızıstan Mədəniyyət Nazirliyi Kinematoqrafiya şöbəsinin əməkdaşı Gülbara Tolomuşeva, Türkmənistandan “Türkmənfilm”in direktor müavini Sahisaleh Bayramov, eləcə də Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Kinematoqrafiya şöbəsinin müdiri Erkin Yılmaz və başqaları iştirak ediblər. Nümayəndələr sektorun problemləri, mümkün ortaq layihələr, uşaq və gənclər üçün filmlər kimi məsələləri də müzakirə edib, ekspert və texniki kadr mübadiləsi haqqında danışıblar.

Tədbirdə iştirakçı ölkələrin ekran əsərlərinə baxış da keçirilib. Azərbaycan tərəfdən Bakı  Media Mərkəzi və “Azərbaycanfilm” Kinostudiyasının birgə istehsalı olan “Biz” filmi (rejissor Orman Əliyev) təqdim edilib.

Mehparə Sultanova
Ankara