Sentyabrın 24-də Heydər Əliyev Sarayında görkəmli tarzən, Xalq artisti, “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblının yaradıcısı Fikrət Verdiyevin yaradıcılıq gecəsi keçiriləcək.

Sarayın mətbuat xidmətindən bildirilib ki, konsertdə Rəşad İbrahimovun rəhbərliyi ilə xalq çalğı alətləri ansamblı, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblı və Xalq artisti Ənvər Sadıxovun rəhbərliyi ilə "Qaytağı ansamblı çıxış edəcəklər. Fikrət Verdiyevin 75 illiyinə həsr olunan konsertdə tanınmış incəsənət nümayəndələri öz ifaları ilə yubilyara təbriklərini çatdıracaqlar.

13 yaşından səhnədə həm solo, həm də ansamblla çıxışlar edən Fikrət Verdiyev mahir tarzən kimi yetişməklə bərabər hələ gənc ikən müstəqil ansambl yaratmaq arzusunda olub. 1969-cu ildə Gəncə musiqiçilərini başına yığaraq “Göygöl” xalq çalğı alətləri ansamblını yaradıb. Tezliklə ansamblın şöhrəti bütün Azərbaycanda, eləcə də onun hüdudlarından uzaqlarda tanınıb. Görkəmli ifaçılar Şövkət Ələkbərova, Rübabə Muradova, Zeynəb Xanlarova, Nəzakət Teymurova, Flora Kərimova, İlhamə Quliyeva, Nisə Qasımova, Səkinə İsmayılova, Kəmalə Rəhimli, Arif Babayev, İslam Rzayev, Canəli Əkbərov, Məmmədbağır Bağırzadə, Elmira Rəhimova, Baba Mahmudoğlu və başqaları bu ansamblla çıxış ediblər. Zeynəb Xanlarova bu ansamblın müşayiəti ilə yaddaşlardan silinməyən konsertlər verib.

1990-cı ildə ansamblın bazasında Gəncə Dövlət Filarmoniyası təşkil edilib. Fikrət Verdiyev filarmoniyanın nəzdində “Göygöl” mahnı və rəqs ansamblından başqa notlu xalq çalğı alətləri orkestrini və kamera orkestrini də təşkil edib. 2001-ci ildə isə tarzən Dövlət Neft Şirkətinin Neft Emalı Zavodunun nəzdində “Neftçi” mahnı və rəqs ansamblını yaradıb.